İşğaldan azad edilən ərazilərimizdə bütün sahələr günü-gündən inkişaf etdirilir, idman sahəsində də işlər görülür. Ən əsas da idmanın avarçəkmə növünü qeyd etmək yerinə düşər. Bu idman növü üzrə beynəlxalq səviyyəli yarışlar Suqovuşan su anbarında torpaqlarımız əsarətdən xilas edildikdən sonra keçirilməyə başlanıb. Cari il isə bu sıraya daha biri əlavə olunacaq.
Ötən ildən Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilən avarçəkmə üzrə prezident kuboku 2024-cü ildə yeniliklə yadda qalacaq. Ötən illərdən fərqli, bu il yarış çərçivəsində avarçəkmə idman növü üçün əlverişli olan yeni məkanın təqdimatı keçiriləcək. Söhbət Füzuli rayonunda yerləşən Köndələnçay su anbarından gedir. Su hövzəsi ətrafında aparılan dəyərləndirmələrdən sonra buranın avarçəkmə üçün yararlı olduğu qəbul edilib və istifadəsinə icazə verilib. Avarçəkmənin coğrafiyasını genişləndirmək məqsədilə atılan bu addım həm təbliğat, həm də gələcəkdə bu idman növünün inkişafına hesablanıb.
Vüsal Qurbanov- AKAF-ın mətbuat katibi: “Suqovuşanda prezident kuboku 2022 və 2023 təşkil olunub. Növbəti planımız isə Füzulidə Köndələnçay su anbarında təlim-məşq toplanışı keçirməkdir. Biz bu layihəni bu il may ayında gerçəkləşdirəcəyik. “Prezident Kuboku-2024” başa çatdıqdan sonra avarçəkənlər Köndələnçay su anbarında nümunəvi çıxışlar edəcəklər. Bu da Köndələnçayda ilk avarçəkmə tədbiri olacaq”.
İşğaldan azad edilən ərazilərdə Köndələnçayla yanaşı digər su anbarlarının da avarçəkmə üçün perspektivləri var. Gələcəkdə mütəxəssislər tərəfindən müsbət rəy verildikdən sonra həmin su hövzələrindən də yararlanmaq mümkün olacaq.
Vüsal Qurbanov- AKAF-ın mətbuat katibi: “Azad olunan ərazilərimizdə bir neçə su hövzələri var ki, onlar avarçəkmə üçün uyğundur. Onlar üçün isə mütəxəssislər çalışır. Çünki burada suyun eni, uzunu, hətta tərkibi və dərinliyi də vacib şərtlərdən biridir. Uyğun olacağı halda Həkəri çayının Qubadlıdan keçən hissəsində avarçəkənlərin təlim-məşqi və ya ölkədaxili ilk yarışlar nəzərdə tutulub”.
Müşfiq Cəfərov- millət vəkili: “Bizim işğaldan azad edilən ərazilərimizdə Sərsəng və Xaçınçay su anbarları kimi məkanlar mövcuddur ki, bu da avarçəkmənin inkişafı üçün hesab edirəm ki, faydalı ola bilər. Təbii ki, gələcək yarışlarda bu hövzələrdən də istifadə oluna bilər”.
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” mayın 1-3 aralığında Suqovuşan və Mingəçevirdə keçiriləcək. Mayın 4-də isə Füzulidə Köndələnçay su anbarında təlim-məşq bazasının açılışı mərasimi baş tutacaq.
Orxan Cəfərzadə
- Baxış: 318