• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2417
— 17.03.2024 19:32

Gec evlənməyə səbəb nədir?

KepezTV Player

“Özüm üçün karyera qurmaq istəyirəm. Hələ özümü evliliyə hazır hiss etmirəm. Maddi imkanım yoxdur”. Bu kimi sözləri gec evlənənlərin dilindən tez-tez eşidirik. Məhz elə bunun nəticəsidir ki, əvvəllər nikah yaşı 20-25 idisə, indi bu rəqəm 30-35-dir. Bəs görəsən gənclərimiz niyə gec evlənirlər?

"Yol əhvalatı" filmindən fraqment: “Deməli deyirsən evlənmək istəyirsən. Ay xətakar. Əcəb edirsən. Cavan oğlansan, evlən də. Sən indi evlənməsən bəs nə vaxt evlənəcəksən?! Otur oğlum, otur. Əcəb edirsən, evlən!”

Ancaq təəsüflə demək olar ki, bu gün bəzi gənclərimiz var ki, ya evlənmirlər, ya da onların evlənmək yaşı 30-35 yaş arası təşkil edir. Aparılan sorğu da onu deməyə əsas verir ki, əvvəllər tək-tək gec evlənən var idisə, indi bu hal çox müşahidə edilir. Gec evlənməyin səbəbləri isə müxtəlif amillərlərlə izah edilir. 

Zaur Nağıyev- sakin: “Mənim hazırda 31 yaşım var. Ailə qurmamağımın da səbəbi odur ki, istəmişəm ki, bir az vaxt, yaş keçsin. Həyat təcrübəsi artsın, mənim üçün təcrübə olsun. Tez yaşda ailə qurmağı ona görə də istəməmişəm”.

Rəşad Əliyev- sakin: “Həyat təcrübələri olmur. Buna görə də boşanmalar get-gedə artır. Bunun özü də səbəbdir ki, mən hazırda ailə həyatı qurmağa hazır deyiləm və fikirləşmirəm. İnşallah, gələcəkdə təcrübəm artar ondan sonra evliliyə tam hazır olaram”.

Bahaddin Aslanov- sakin: “29 yaşım var ailə qurmamağımın səbəbi özümü hazır hiss etmirəm. Ailə qurmaq, kiminsə məsuliyyətini götürməyə hələ özümü hiss etmirəm. Yaş 30 olur və yavaş-yavaş fikirləşməyə başlayıram”.

Ölkədə demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün vaxtında ailə qurmaq vacib amil hesab edilir. Sadalanan bahənlər isə gec evlənməyə heç bir əsas vermir. 

Şəhriyar Quliyev-  sosioloq: “İnsanın ən güclü sevən vaxtı 18-25 yaş arasıdır. Ən dərin dövrlə sevdiyi vaxtla həmin vaxtdır və sevdiyinə də qovuşmaq istəyir. Vaxt keçəndən sonra sanki bu hislər insanda zəifləyir. Heç bir maliyyə imkanına fikir verməsinlər. Maddiyyata fikir verməsinlər. Maddiyyat, maliyyə olmayanda insanlar evlənmirdi? Bu, ona bağlı deyil. Mən təklif edərdim ki, gənclər 25 yaşı keçməsinlər. 25 yaşa kimi ailə qursunlar. Çünki insanın ən məhsuldar dövrü həmin vaxtdır”.

Bir gəncin ailə qurması üçün onun pisxoloji və bioloji cəhətdən evliliyə  hazır olması da şərtdir. Əsas odur ki, gənc özü-özünü yetişdirib, evliliyə hazır olmalıdır.

Rəna Seyidova- psixoloq: “Bəzi gənclər var ki, 25 yaşında da ailənin məsuliyyətini çiyninə götürə bilmir. Ona görə biz onun tərəfdarıyıq ki, bir gənc özünü psixoloji şəxs kimi yetişdirə bilsin. Özünü ailədə də cəmiyyətdə də təsdiq etsin, daha sonra ailə qura bilsin”.

Ötən il isə Azərbaycanda 49 min 549 nikah olub ki, bu da əvvəlki ilin göstəricisindən 11 min 990 hal azdır.

Elnur Vahidoğlu