• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 848
— 15.03.2024 19:22

Nizami yurdunun basketbol komandası ilk dəfə təşkil ediləcək liqada

KepezTV Player

Azərbaycan qadın basketbolu tarixində ilk dəfə olaraq pley-off mərhələli yerli çempionat baş tutacaq. Azərbaycan Qadınlar Liqası adı altında keçiriləcək yarışda “Gəncə” regionu təmsil edəcək yeganə komanda olacaq.

İki dövrəli liqada 6 komanda mübarizə aparacaq. “Gəncə” ilə yanaşı çempionatda AzStars, Alov, Neftçi, Xırdalan və Qaradağ kollektivləri iştirak edəcək. Reqlamentə əsasən, mövsümün sonunda ilk dörd pilləni tutan komandalar, dördlər finalında çempionu müəyyənləşdirəcəklər.

Rizvan Səfərov- “Gəncə”nin baş məşqçisi: “Həmişə uşaq, yeniyetmə və gənclər arasında yarışlar keçirilib. Amma qadınlar arasında qısamüddətli yarış baş tutsa da, belə pley-off mərhələli yarış keçirilməyib. Bu, çox sevindirici haldır. Federasiya ilə Gənclər və İdman, eləcə də Təhsil Nazirlikləri birgə qadınlar arasında da 5-ə 5 basketbol liqasının inkişafı ilə əlaqədar layihə həyata keçirir. Biz də “Gəncə” komandası olaraq çalışırıq ki, həmin liqada iştirak edək. Bu, gənc qızlarımız üçün də müsbət haldır ki, qadınlar arasında liqa yarışında iştirak edəcəklər. Qadın idmanının inkişafı digər növlərlə yanaşı basketbolda da çox böyük önəm daşıyır. Biz də çalışacağıq öz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirək ki, bu idman növünün inkişafında səmərəli iş görək”.

Liqanın ilk turu üçün son məşqinə çıxan “Gəncə”nin heyətinə 20-yə yaxın basketbolçu cəlb edilib. Xanım oyunçular 15-25 yaş arasındadır və uzun illərdir basketbolla məşğul olurlar.

Alidə Nəbiyeva- “Gəncə”nin basketbolçusu: “Uşaq liqasında çıxış etmişəm. Orada irəli getdikdən sonra mənə şans verilib ki, qadınlar liqasında oynayım. Həm də mən milli komandaya cəlb olunmuşam. Bu mənim üçün çox sevindirici bir haldır ki, basketbl üzrə özümü daha da peşəkarlaşdırmağa doğru gedirəm. Bu daha uğurlu bir yerə gəlmək üçün karyeramda ilk addımlarımdır, başlanğıcdır. “Gəncə” komandasında olmaq mənim üçün ayrı bir sevindirici haldır ki, öz məkanımızı təmsil edirik. Öz yaş qrupumdakı göstərdiyim oyunumu əlimdən gələn qədər burada da etməyə çalışacam”.

Əminə Qasımova- “Gəncə”nin basketbolçusu: “Mən 12 ildir basketbolla məşğul oluram. Ancaq heç vaxt qadınlar arasında liqa keçirilməmişdi. Son illər də kişilər arasında liqa keçirildi və qadınlar arasında liqa keçirilməməsi bizi məyus edirdi. Nəhayət ki, qadınlar arasında da liqa başladı və bu, sevindirici haldır. Mən də məşqçi kimi komanda yoldaşlarıma kömək edəcəm. Ümid edirəm ki, ilk dəfə qatılmağımıza baxmayaraq, rəqiblərimiz arasında yaxşı yer tutaraq bütün gəncəliləri və basketbolsevərləri sevindirə bilərik”.

Yeni yaranmasına baxmayaraq, komandanın hədəfləri var. Gəncəlilər debütdə ən azı mükafatçılar sırasına düşməyi planlayır.

Rizvan Səfərov- “Gəncə”nin baş məşqçisi: “Hədəfsiz məşqçi və idmançı olmamalıdır. İstənilən yarışın səviyyəsindən asılı olaraq hər kəsin hədəfi olmalıdır. Çalışacağıq, biz də hədəflərimizə çatmaq üçün mükafatçılar sırasında yer tutmaq üçün mübarizə aparacağıq. Bunun üçün də əzmkar formada çalışacağıq. İlk dəfədir Gəncəni təmsil edirik. Biz də ona görə əlimizə düşən fürsəti yerinə yetirəcəyik. Komandaların birinci turdan güclərini bilib, ona uyğun məşq proseslərini təmin edəcəyik”.

“Gəncə” ilk oyununda sabah “Neftçi” ilə üz-üzə gələcək. Görüş Bakıda keçiriləcək.

Orxan Cəfərzadə