• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1474
— 15.03.2024 19:19

"Kəpəz" uğurlu seriyanı davam etdirmək istəyir

KepezTV Player

“Kəpəz” çempionatda yüksəlis dövrünü yaşayır. Premyerliqanın autsayderi son turlar əldə etdiyi nəticələrlə azarkeşlərini sevindirib. Komandanın düşərgəsindəki müsbət ab-hava gələcək oyunlarda da yaxşı nəticə qazanmağa böyük inam yaradıb.

3-cü dövrəni sarı-göylər üçün uğurlu hesab etmək olar. Çünki gəncəlilər bu dövrədə keçirdiyi 8 görüşdə 4 qələbə, 3 məğlubiyyət və 1 heç-heçə edib. Komanda əvvəlki iki dövrə ilə müqayisədə oyununda dönüş yaradıb, xal ehtiyatını artırıb. Son 3 turda Qəbələ və Sumqayıt üzərində qələbə qazanan, “Neftçi” ilə xalları bölən dağlılar turnir cədvəlində 9-cu pillədə möhkəmlənib. Öndə olan rəqiblər ilə böyük xal fərqini əridib. Gəncə klubu çempionatın sonuna qədər keçirəcəyi qarşılaşmalarda var gücünü ortaya qoyaraq maksimum xal toplamağı qarşıya məqsəd qoyub.

Adil Şükürov- “Kəpəz”in baş məşqçisi: “Biz ən təhlükəli dönəmə qədəm qoyduq. Artıq indidən 4-cü dövrənin oyunlarına hazırlaşmalıyıq. Bu oyunlar çox önəmlidir. Bizə lazım olan öz işimizi görmək, hər oyuna maksimum hazırlaşmaq və  maksimum xal götürməkdir. Çempionatımızdakı matçlar da göstərir ki, hər bir komandadan xal almaq mümkündür. Biz də özümüzü buna hazırlayırıq”.

Gəncəlilər 3-cü dövrədə göstərdiyi oyunla heç də asan rəqib olmadığını sübut edib. Uğurlu nəticələr və azarkeşlərin hər görüşdə komandaya tribunalardan dəstək verməsi heyət üzvlərinin əhval-ruhiyəsinə yaxşı təsir edib. Futbolçuların özünəgüvəni daha da artıb və onlar növbəti görüşlərdə də sərfəli nəticə qazanacaqlarına inanırlar.

Junior Martins- “Kəpəz”in oyunçusu: “”Neftçi” ilə oyunda yaxşı nəticə əldə etdik, qollar vurduq. Bu, bizim əhvalımıza yaxşı təsir etdi. Qarşıdakı oyuna köklənmişik. Məşqlərimiz yaxşı gedir. Qarşıda “Zirə” ilə görüşümüz var, 3 xal arzusundayıq. İnanırıq ki, azarkeşlərimizi baxımlı oyunla yenidən sevindirəcəyik”.

Yeqor Xvalko- “Kəpəz”in oyunçusu: “Prinsipcə hər şey normaldır. Son oyunlardan sonra motivasiyamız daha da yüksəlib. "Zirə" ilə görüşə hazırlaşırıq. Bu oyunda da xal qazanmağa ümid edirik. İndi bizə lazım olan budur. Premyer Liqada qala bilmək üçün hər oyunda heç olmasa bir xal qazanmalıyıq”.

“Kəpəz” “Zirə” ilə səfərdə üz-üzə gələcək. Martın 16-na təsadüf edəcək qarşılama saat 16-da başlayacaq.

Orxan Cəfərzadə