• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2142
— 14.03.2024 20:57

Restoranlarda təklif edilən iftar menyuları

KepezTV Player

Ramazan ayında iftarını evdə açanlarla yanaşı dostları, yaxınları ilə bərabər bir süfrə arxasında əyləşənlər də olur ki, belələri daha çox ictimai iaşə məkanlarına müraciət edir. Restoran və kafelərə üz tutanlara isə istəkdən asılı olaraq menyular təklif edilir, təbii ki, bu da qiymətə görə dəyişir.

Müqəddəs Ramazan ayının gəlişi ilə bir çox restoranlar oruc tutan vətəndaşlar üçün xüsusi menyular hazırlayıblar. Hər bir restoran təklif etdikləri təamlara görə müvafiq qiymət paketi də təklif edir.

Emin Məmmədov- restoran meneceri: “Ramazan ayında biz də öz restoranımızda iftar və imsak menyuları tərtib etmişik. Bizdə imsak da açıq bufet şəklindədir. Bol çeşidli, limitsiz imsak təklif edirik. Burda 1 nəfər üçün qiymət 12 manatdır. İftar menyuları isə artıq satışdadır. Bizdə iftar menyularının qiyməti 14-17 manat arası dəyişir. Burda bir ana yeməkdir, şorbalar, salatlar, desertlər, meyvə şirələri, çaylar bu şəkildə menyular tərtib olunur. Zənglərimiz var, gələnlər də var, artıq bu gündən daha da canlanma müşahidə olunur ki, iftar və imsakla bağlı canlanmalar olur”.

Simur Ələsgərov- restoran meneceri: “İftar süfrəmiz var. Kombo olaraq 2 nəfərlik və 3 nəfərlik menyu hazırlamışıq. 2 nəfərliyə 4 cür məzə, şorbalar, çay daxildir. Seçimi yenə müştərilərimizə buraxırıq. Ana yeməklərdən isə qovurmalar və kabablara üstünlük veririk. 2 nəfərlik olan menyunu 19 manat olaraq qiymətləndirmişik. 4 nəfərlik olan menyu isə 39 manatdır. Bu illə keçən ili müqayisə etsək, bu il keçən ilə baxdıqda tələbat azdır”.

Elmar Bağırov- restoran meneceri: “Ramazan ayı üçün xüsusi menyular tərtib etdik. Maraqlı olsun deyə menyuları adlandırdıq - Səmazən, Mövlana, Sultan menyuları adlandırdıq. Minimum 15 manatdan başlayır, növbəti menyu 20 manat, digər menyu 25 manatdır. Bu qiymətlərə təbii, ki əsas yemək daxildir, şorbalar, salatlar daxildir. İftar menyusu ilə yanaşı imsak menyusu da tərtib etmişik. Həm qrup olaraq, həm də individual olaraq qonaqları qəbul edə bilirik”.

Qiymətlərin ötən illə fərqli olduğunu oruc tutanlar da təsdiqləyir. Menyularının qiymətindəki bahalaşma, təklif olunan yeməklərin keyfiyyəti və çeşidi ilə əlaqələndirilir.

Cavid Hüseynzadə- şəhər sakini: “Menyular 14-18 manat arasındadırsa, hər şey daxildirsə normaldır. Bir az da aşağı ola bilər, aşağı büdcəli insanları da fikirləşə bilərlər. Amma yenə də hər gün olmasa da, arada bir axşam gedib iftarı orda açmaq olar. Yəni bu qiymətlərdən aşağı olsa daha çox gedərəm. Amma bu qiymətlər olduqda 2 dəfə, 3 dəfə iftarı orda açmağı yoxlaya bilərəm”.

Telman Əliyev- şəhər sakini: “Bahalqıdır. 1 nəfər üçün 18 manat çox puldur. Bir az azaltsalar yaxşı olar. Biz də gedirik. Mən getməsəm də ailəmdən gedirlər. Elə dünən restoranda olmuşuq. Heç olmasa 1 nəfər üçün 10 manat, 12 manat eləsələr yəqin ki, daha yaxşı olardı”.

Yeganə Xanbatova- şəhər sakini: “Mən özüm oruc tutmuram, amma evdə ailə üzvlərimdən tutan var. Biz olur ki, iftarı evdə yox, hansısa kafedə, restoranda açırıq. Qiymətlər normaldır, qane edir - 12- 20 manat arası olur”.

İftarını restoranlarla müqayisədə ev şəraitində, qohum-əqrabanın iştirakı ilə açanlar çoxluq təşkil edir. Bunun da özünəuyğun səbəbləri var. 

Şəhər sakini: “İftar adət-ənənəmizdir ki, bir evdə yığışırlar. Axşam qızım iftar verdi, birinci iftarı o verdi. Ona görə restorana nəyə görə getməlidir? Qonşu, dost, tanış evlərinə çağırırlar, iftar açırlar. Restoranda təbii ki, bahalıqdır”.

Bəzi restoranlarda iftar menyusu və qiymətlər arasında elə də ciddi fərq olmasa da, bəziləri arasında kəskin fərq var. Müşahidələrimiz zamanı məlum oldu ki, restoran və kafelərdə 1 nəfər üçün ən ucuz iftar menyusu 10, ən bahalısı isə 100 manata təklif edilir.

Pərvin Abbaszadə