• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 910
— 12.03.2024 19:35

Hotellərdə bayramqabağı qiymətlər necədir?

KepezTV Player

Mart ayı gəlişi ilə bərabər bir sıra bayramları da gətirib. Bu ayda ardıcıl qeyri-iş günlərinin olması, insanların istirahət günlərində fərqli məkanlara səfər etməsinə imkan yaradır. Əvvəllər səfər üçün xarici ölkələr seçilsə də, hazırda ölkədaxili istirahət məkanlarına daha çox üstünlük verilir. Bəs bu məkanlarda bayramqabağı qiymətlər necədir, artım varmı?

Gəncədə də bayramı fərqli qeyd etmək istəyənlər artıq hotel və restoran axtarışına başlayıblar. Hotel menecerlərinin sözlərinə görə, artıq ilkin rezervasiyalar olunub, otaqların 30-40%-i bron edilib. Bayram günlərində qiymətlər stabil qalacaq.

Nicat Hacızadə- hotel əməkdaşı: “Bayram günləri ilə əlaqədar olaraq qonaqlarımız əvvəlcədən rezervasiya etdiriblər. 20 faizdən çox otaqlarımız bron olunubdur. Qiymətlər tək nəfərlik 50, 2 nəfərlik otaq 90 manat təşkil edir. Bayrama xüsusi endirimlər də olunub. Səhər yeməyi də ödənişə daxildir. Restoranımız 24 saat açıq olacaq”.

Rüdabə Ağagülova- hotel əməkdaşı: “Bayram günləri ilə bağlı nə restoranımızda, nə hotelimizdə heç bir qiymət dəyişimi yoxdur. Restoranımız 16 saat, hotelimiz 24 saat fəaliyyət göstərir. Bayram günləri ilə bağlı artıq restoranımızda yerlərimiz bron olunub. Hoteldə qiymətlərimiz 50, 60, 80, 100, 150, 200 manat arası dəyişir. Bayramla bağlı müraciət etmədən öncə rezervasiya etsələr daha yaxşı olar”.

Hotel qiymətlərində bayramla əlaqədar artım olmasa da, ötən dövrlə müqayisədə bahalaşma müşahidə olunur. Bu da daxili turizmə artan təlabatla əlaqələdir. Gəncə Regional Turizm İdarəsinin rəisi Zaur Bayramovun sözlərinə görə, xüsusilə quru sərhədlərinin bağlı olması daxili turizmdə canlanma yaradıb.

Zaur Bayramov- Gəncə Regional Turizm İdarəsinin rəisi: “Daxili turizm bazarının inkişafı son illər postpandemiya dövründən sonra geniş vüsət alıb. Bunun bir çox səbəbləri var. Belə baxdıqda daxili turizmin inkişafında çox müsbət təsir göstərir. Belə ki, digər bölgələrdən, rayonlardan olan ziyarətçilər digər bölgələrə səfər edir və bu bölgələrin tanınmasında, təbliğatında bilavasitə iştirak edirlər. Qərb bölgəsinə də bu baxımdan son 3 il ərzində daxili ziyarətçilərimiz kifayət qədər səfər edir. Bu səfərlə həm Gəncə şəhərinə, həm də Göygöl , Daşkəsən, Gədəbəy istiqamətində təbii resurslar olan istirahət məkanlarına üz tuturlar”.

4 nəfərlik bir ailənin ölkə ərazisindəki hər hansısa bir istirahət məkanında 3 günlük tətili təxminən 1000-2000 manat arasında dəyişir. Əgər 1 həftəlik istirahət etmək istəsələr, bunun üçün də qiymətlər təqribi 4000 manatdan başlayır. Təbii ki, bu təqribi rəqəmdir. Qiymət daha az və ya çox ola bilər. 

Aişə Rzayeva