• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1571
— 04.03.2024 20:25

Bərpaolunan enerji iqlim dəyişikləri ilə mübarizədə effektiv üsuldur

KepezTV Player

İqlim dəyişikliyi ilə mübarizə bu gün dünyada ən aktual məsələlərdən biridir. Azərbaycanda da bu yöndə əməli addımlar atılır, bir sıra layihələrin icrası planlaşdırılır. Görüləcək işlər son illər qlobal istiləşmənin qarşısını almağa yönəldilib.

19-cu əsrin sonundan etibarən elm və texnologiyanın inkişaf etməsi səbəbindən sənayenin yeni mərhələyə qədəm qoyması özlüyündə ekologiyanın çirklənməsinə də gətirib çıxardı. Nəticədə orta qlobal temperatur 1.2 dərəcə artıb. Bu da bəzi fəsadlara yol açıb. Təbii fəlakətlər, biomüxtəlifliyin pozulması buna əyani sübutdur. Vəziyyətdən çıxış yolu kimi günümüzdə bir sıra fəaliyyət növləri məhdudlaşdırılmalıdır.

İslam Mustafayev- ekoloq: “Karbondioksid qazı, metan qazı və parnik effekti yaradan digər qazlar azaldılmalıdır. Bu da hansı proseslərdə azala bilər? Enerji əvəzinə yanmadan istifadə etməmək, texnologiyada, ev təsərrüfatlarında, karbondioksid qazı əmələ gələn bütün yerlərdə onun azaldılması, metan əmələ gələn yerlərdə onun yaranması - bu bataqlıqlardır, çürümə, qıcqırma prosesləridir, poliqonlarda bu baş verir. Zibilxanalar təqribən 10 faiz parnik qazlarının buraxılmasında məsuldurlar. Bütün bu proseslərdə karbondioksid qazının azalmasına nail olmalıyıq”.

İqlim dəyişiklikləri ilə mübarizədə çıxış yolu isə bərpaolunan enerji layihələrinə üz tutmaqdır. Ölkəmizdə bu sahədə artıq işə start verib və bu sistem bütün dünyada istiləşməyə qarşı ən effektiv vasitə kimi qəbul olunur.

Fəzail Ağamalı- millət vəkili: “Artıq ekoloji cəhətdən təmiz, yaşıl enerji deyilən bir enerji öz aktuallığını ortaya qoyub. Bu da külək, günəş və su enerjisidir. Azərbaycanın buna çox geniş imkanları var, bərpa olunan enerji gələcəkdə kifayət qədər hər birimizi narahat edən və ciddi xarakter daşıyan davamlı mahiyyət kəsb edən iqlim dəyişikliklərinin qarşısını almaqda özünün əhəmiyyətli rolunu oynayacaq”.

Azərbaycan həmçinin yer kürəsində baş verən iqlim dəyişikliyinə töhfə vermək üçün bu il COP29 beynəlxalq tədbirinə ev sahibliyi edəcək. Bundan başqa ölkəmiz BMT-nin konvensiyası, Paris sazişi, Kioto protokolu və bu kimi bir çox müqavilə və qərarlara qoşularaq istiləşmənin qarşının alınmasına dəstək nümayiş etdirir.

Orxan Cəfərzadə