• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 834
— 29.02.2024 20:16

6 məktəb "Məktəblinin dost"u oldu

KepezTV Player

Müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi, psixoloji yardım göstərmək. Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan "Məktəblinin dostu" layihəsinin məqsədi budur. Gəncədən 6 məktəb də layihəyə qoşulub. 

"Məktəblinin dostu" layihəsinə qoşulanlar Gəncənin 1, 6, 11, 18, 39 və 44 nömrəli orta məktəbləridir. Dərs prosesi müddətində xüsusi otaqlardakı monitorlar vasitəsilə müşahidələr aparılır. "Məktəblinin dostu"nun əməkdaşları tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməsinə dəhlizlər və məktəbin əsas giriş və çıxışında da nəzarət edilir. FH və Səhiyyə nazirliklərində təlim keçən əməkdaşlar fövqəladə hallar zamanı davranış qaydası, ilk yardım, müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, psixoloji yardımın göstərilməsi kimi fəaliyyətlə məşğuldurlar. 

Aytac Cabbarzadə- "Məktəblinin dostu" layihəsinin əməkdaşı: “Məqsədimiz, şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaqdır. Onlarla dostluq əlaqələri, yaxın münasibət qurmaqdır”.

Yusif Əfəndiyev: "Məktəblinin dostu" layihəsinin əməkdaşı: “Məktəblinin sağlam qidası, uğurlu peşə seçimi, fövqəladə hallar zamanı davranış qaydası, ilkin yardım haqqında, eləcə də digər mövzular haqqında təlimlər keçirik”.

Yaşı 21-30 aralığında olan  istənilən ali təhsilli şəxs "Məktəblinin dostu" ola bilər. Bu şəxslər uşaqların şəxsi keyfiyyətləri və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarıqlarının formalaşdırılmasında iştirak edirlər.

Bahar İsmayılova "Məktəblinin dostu" layihəsinin əlaqələndiricisi: “Bizim əsas məqsədimiz təhlükəsiz mühitin yaradılmasında, təmin edilməsində məktəb kollektivinə yaxından dəstək olmaqdır. Bundan əlavə layihənin psixoloji mərkəzi var ki, hansı ki həmin mərkəzdə müxtəlif yaş kateqoriyalarından olan şagirdlərə psixoloji yardım göstərilir”.

Gəncə məktəblərində "Məktəblinin dostu" 25 əməkdaşla təmsil olunur. Bu şəxslər 6 məktəb üzrə 9 min şagirdlə işləyirlər.

Yağmur Əsgərova- şagird: “”Məktəblinin dostu” bizim üçün ən yaxın dost kimi hesab edilir. Onlara çəkinmədən hər problemimizi deyə bilirik. Onlar bizim üçün maraqlı yarışlar, intellektual oyunlar keçirirlər”.

Həqiqət Hacıyeva- 11 saylı orta məktəbin direktor müavini: “Demək olar ki, bütün problemləri ilə məşğul olurlar. Dəsrdən gələndə onları qəbul edirlər. Gedəndə də yenə bizimlə bərabər yola salırlar, məktəblilərdə hansı problem varsa, maraqlanıb, onu deyirlər. Öz çərçivələrində də həll etməyi bacarırlar”.

8 ildir tətbiq edilən layihə ölkə üzrə 237 məktəbi əhatə edir. Bu dərs ilindən Gəncə ilə Lənkəran, Masallı və Cəlilabadin təhsil müəssisələri də "Məktəblinin dostu" olub. 

Elnur Vahidoğlu