• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 917
— 26.02.2024 19:19

Qış birinciliyində atletlərin uğuru

KepezTV Player

Bakıda Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə reallaşan Qış birinciliyində Gəncə idmançıları uğurla çıxış ediblər. Nizami yurdunun atletləri müxtəlif yaş kateqoriyaları üzrə təşkil olunan yarışlarda ümumilikdə 14 medal qazanıblar.

Yarışlarda yeniyetmələr, gənclər və böyüklər qüvvələrini sınayıblar. 12 idmançı ilə təmsil olunan Gəncə atletləri 4 qızıl, 6 gümüş, 4 bürünc medal qazanıblar. Mükafat qazananlar arasında milli komandanın heyətində beynəlxalq yarışlarda ölkəmizin şərəfini qoruyan idmançılar da var. 

Ümid İbrahimov- atlet: “Azərbayan atletikasının yığma komandasının üzvüyəm. Bu dəfə 40-cı Qış Azərbaycan çempionatında 1500 və 800 m məsafədə birinci yerə layiq oldum. 1500 m məsafədə nəticəm 4 dəqiqə 25 saniyə 50 millisaniyə, 800 m məsafədə isə nəticəm 2 dəqiqə 9 saniyə 53 millisaniyə oldu”.

İsgəndər Əsgərov- atlet: “Yığma komandanın üzvüyəm. 8 500 m məsafədə şəxsi nəticə göstərdim. 40-cı Azərbaycan çempionatında şəxsi nəticələrimi yenilədim. 1500, 800 və Gəncə komandası adına 4x200 m məsafədə şəxsi nəticə göstərdik. Bununla belə bizi bu nəticələr qane etmir. İnşallah, Gəncə komandası adına daha da yaxşı nəticələrimiz olacaq”.

Gəncəni təmsil edən atletlər arasında zərif cinsin nümayəndəsi də olub. Səmayə Hacıyeva üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib.

Səmayə Hacıyeva- atlet: “Gəncəyə 2 dənə qızıl medal gətirdim - 1500 və 3000 m məsafə üzrə. Həyəcanlı idi, güclü rəqiblərim var idi. 1500 m mənim üçün daha çətin idi. 3000 m məsafə isə o qədər də çətin deyildi. Orada rəqabət bir az zəif idi”.

Atletlərin baş məşqçisi ümumi nəticədən razıdır. O, milli komandanın tərkibində çıxış edən yetirmələrinin şəxsi göstəricilərinin yenilənməsini təqdirəlayiq sayır.

Faiq Əsədov- baş məşqçi: “Düşünürəm ki, heç bir əziyyət çəkən idmançının əziyyəti yerdə qalmır. Məşqdə tər tökmək, əziyyət çəkmək lazımdır ki, gələcəkdə ölkə yarışlarında, beynəlxalq arenalarda onun bəhrəsini görəsən. Biz bununla yetinmirik. Keçən il də nəticələrimizi yeniləmişdik, bu il də. Gələn il üçün biz artıq istəyimizə nail olduq. Bildiyiniz kimi Gəncədə 2025-ci ildə III  MDB oyunları var. Dayanmadan ona hazırlaşacağıq”.

Gəncə idmançılarının uğurlu çıxış etdiyi 40-cı ölkə çempionatı Paris Yay Olimpiya Oyunlarına lisenziya üçün normativlərin yerinə yetirilməsi və reytinq xallarının toplanması baxımından, həmçinin Qlazqoda keçiriləcək Qış dünya çempionatına seçim üçün mühüm əhəmiyyət kəsb edib.

Ramin Paşayev