• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 681
— 26.02.2024 08:48

Xocalı soyqırımından 32 il ötür

KepezTV Player

1991-ci ilin oktyabrından mühasirəyə alınan və avtomobil əlaqəsi kəsilən, 1992-ci ilin yanvarından isə enerji təchizatı dayandırılan Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının yardımı ilə Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi artilleriyadan atəşə tutularaq işğal edilib. Nəticədə 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. Əsir və girov götürülərək amansız işgəncələrə məruz qalan 1275 nəfərdən 68 qadın və 26 uşaq daxil olmaqla, 150 nəfərin taleyindən bu günədək məlumat yoxdur. 32 il keçməsinə baxmayaraq, xalqımız bu faciənin mənəvi ağrısını, onun dəhşətlərini qəlbində daşıyır, həmin günü unutmur. 

1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə yanaşı, Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb. Xocalıda Şanlı Bayrağımızın dalğalanması soyqırımı qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.