• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 681
— 25.02.2024 20:45

Fərqli istiqamətdə fəaliyyət göstərən tarixi abidə

KepezTV Player

Müəyyən vaxtlarda ayrı-ayrı ərazilərdə yerləşən tarixi abidələr haqda videomateriallar hazırlayıb, təqdim etmişik. Çox zaman tikililərin ya baxımsız vəziyyətdə olduğunu, ya da təmirə ehtiyac duyduğunu işıqlandırmışıq. Bu dəfə haqqında danışacağımız xristian kilsəsində isə durum həm fərqlidir, həm də abidənin fəaliyyət istiqaməti başqadır.

19-cu əsrin yadigarı olan pravoslavlara məxsus abidə Gəncənin Hacıkənd qəsəbəsində yerləşir. Kilsə Çar Rusiyası zamanı tikilən məbədlərin tipik memalıq üslubuna xasdır və həmin dövrdə qubernator tərəfindən inşa etdirilib.

Raul Abbaszadə- tədqiqatçı: “Yaşadığım bölgədə tarixi abidələri araşdırıram. Qarşısında durduğumuz bu bina da 1893-cü ildə Çar Rusiyasının Yelizavetpol quberniyası tərəfindən layihələndirilib. 1895-ci ildən 1897-ci ilə qədər inşa edilib. Bilirsiniz ki, Hacıkənd turistik ərazi olub, burada çoxsaylı yay düşərgələri, istirahət məkanları olub. Gələn qonaqlar burada ibadət ediblər”.

1 əsrdən çox yaşı olan abidənin üzərində pravoslav xristianlarına aid işərələr və yazılar mövcuddur.

Kilsənin girişində bir yazı diqqəti cəlb edir. Həmin dövrdə tikinti işləri zamanı memar tərəfindən girişdə rus dilində, Azərbaycan dilinə tərcümə edildikdə “bu məbəd mənim dualarımın qəbul olunduğu yerdir” mənasını verən bir cümlə həkk olunub. Bu da onu sübut edir ki, bu kilsə pravoslav rusları tərəfindən inşa edilib. Eyni zamanda abidənin içərisində kitabxana fəaliyyət göstərir.

Düz eşitdiniz, kilsə 2017-ci ildə əsaslı şəkildə təmir olunduqdan sonra Gəncə şəhər Mərkəzi Kitabxanasının 17 saylı filialı bura köçürülüb. Kitabxanada rus, ingilis, həmçinin Azərbaycan dillərində müxtəlif sahələri əhatə edən 11784 kitab var. Eləcə də burada qiraətçilər üçün oxu zalı da yaradılıb. Abidəni ziyarət edənlər kitab oxumaq imkanı da əldə edirlər.

Ruhiyyə Qafarova- kitabxanaçı: “Bu kilsə baxımsız olub, fəaliyyət göstərməyib. Artıq neçə ildir ki, bura kitabxana kimi fəaliyyət göstərir. Mən deyərdim ki, abidə həm kitabxana kimi, həm də kilsə kimi bura gələn turistlərdə ikiqat maraq yaradır. Kənardan baxanda kilsə kimi maraq duyurlar, amma içəri girəndə zəngin kitabxanamızı görürlər, onlarda daha da maraq oyanır, həttə bizə üzv də olurlar”.

Hacıkənd qəsəbəsi pravoslav xristian kilsəsi ilə birlikdə daha 3 yerli əhəmiyyətli abidənin məkanıdır. Bunlar Qubernator evi, Qubernator dəftərxanası və Forer qardaşlarının evləridir.

Orxan Cəfərzadə