• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1056
— 22.02.2024 20:02

Bölgədə ilk dəfə olaraq Arıçılıq Təlim-Tədris Mərkəzi açılıb

KepezTV Player

Qərb bölgəsində ilk dəfə olaraq Göygöldə Arıçılıq Təlim-Tədris Mərkəzi fəaliyyətə başlayıb. Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində yaradılan mərkəz Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin dəstəyi ilə açılıb. 

Yaradılan mərkəzdə arıçılara xəstəliklər, onların vaxtında qarşısının alınması, arılara düzgün qulluq kimi məlumatlar təlimlər formasında ötürüləcək. Mərkəzdə bölgədə fəaliyyət göstərən arı təsərrüfatlarının sahibləri bilik və bacarıqlarını artırmaq imkanı əldə edəcəklər. 

Fizuli Verdiyev- arıçı: “Üzümüzə gələn yaz fəslində arıların müalicə dövrü başlayır. Həmin dövrdə arıçılar müalicəni düzgün və vaxtında eləməsələr, öz təsərrüfatlarına vurduğu ziyanla bərabər qonşu təsərüfatlara da ziyan vururlar. Çünki ətraf arıxanaların arılarını da yoluxdururlar”.

Göygöldə yaradılan Arıçılıq Təlim-Tədris Mərkəzi Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi ilə ərsəyə gəlib. Son iki ildə nümayəndəlik tərəfindən Qazax, Tovuz, Gədəbəy və Goranboyda ümumilikdə 636 arıçı təsərrüfatına dəstək göstərilib. 

Rauf Əliyev- BQXK-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı: “2024-cü ildə də 250-yə qədər arıçı ailələrinə də dəstək nəzərdə tutulubdur ki, əlqələndirəcəyik ki, bu təlim mərkəzlərindən bəhrələnsinlər. İstədikləri vaxt buradan məsləhət ala bilsinlər”.

Mərkəzdə 12 bölgənin 100-ə yaxın arıçı ilə keçirilən görüşdə ölkədə 600 mindən artıq arı ailəsinin olduğu, il ərzində 10 min tona yaxın bal istehsal olunduğu diqqətə çatdırılıb. Əldə edilən balın müəyyən qismi işğaldan azad edilən bölgələrdəki təsərrüfatların payına düşür. Arıçılara Azərbaycan brendi olan Bozdağ Qafqaz arısının təmiz qanlısının üzərində tədqiqatlar aparıldığı da bildirilib.

Mahir Hacıyev- HETİ-nin direktoru TEXT: “Ölkədə arıçılıq assosiasiyası yüksək səviyyədə fəaliyyət göstərir. Arıçılar daim respublikamızın  arı təsərrüfatlarını inkişaf etdirir. Bugünkü gündə də arıçılıq sahələrində mövcud  problemlərin aradan qaldırılmasında öz töhfələrini vermişdilər”.

Mərkəzin Heyvandarlıq Elmi Tətqiqat İnstitutunda yaradılmasına burada 200-ə yaxın arı ailəsinin saxlanılması təkan verib. İnstitutda ölkədə ilk dəfə olaraq Türkiyəli mütəxəssislərin iştirakı ilə süni mayalanma yolu ilə 70 ana arı alınaraq genofonda daxil edilib. Bu arıların çoxaldılaraq arıçılara verilməsi üçün elmi təcrübələr aparılır.

Elnur Vahidoğlu