• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1090
— 22.02.2024 19:59

Şadlıq saraylarında qiymət artımı

KepezTV Player

Gəncənin şadlıq saraylarında menyu qiymətlərində artım müşahidə olunur. Bu ilin yanvar-fevral ayları ərzində artım 8 %-ə yaxın olub. Lakin bu amil sifarişlərin sayına təsir göstərməyib. 

Şadlıq saraylarında təşkil edilən şənliklər üçün təklif edilən menyuların qiymətlərində bahalaşma məhsulların qiymətlərinin artmasından irəli gəlir. Əvvəllər 30-35 manata təklif olunan menyular artıq 40-45 manat arası dəyişir. 

Ceyhun Əhmədov- inzibatçı: “2024 başlayandan toylarımız çoxalıb. Gələn qonaqlar narazı getmir. Qiymət 38 manatdan başlayır və yuxarı. Yuxarı da demək odur ki, gələn müştərinin ürəyi istədiyi nə lazımdır, biz onu təşkil edirik. Özünüz də bilirsiniz ki, qiymətlər artımı var. Biz çox qaldırmamışıq, amma güclü fərq yoxdur. Yanvar-fevral aylarıyla müqayisədə qiymət artımı var”.

Orxan Rzayev- inzibatçı: “Keçən illə, bu illə müqayisədə artım hiss olunur. Qiymət artımı şadlıq saraylarından asılı olan bir şey deyil. Bu, bazardan asılı olan bir şeylərdir. Bazarda qiymətlər artdıqda, şadlıq saraylarına da təsir edir”.

Nizami Qasımov- inzibatçı: “Ümumiyyətcə, qış vaxtı bütün şadlıq saraylarının hamısında demək olar ki, çox aşağı səviyyədə toylar keçiririk. Eyni zamanda artım çoxdur. Demək olar ki, məhsulların hamısının qiymətləri qalxıb. Ona görə də şadlıq saraylarının özləri məcbur olur ki, qiymətləri yuxarı qaldırsın. Amma ona baxmayaraq, rəhbərlik bizə tapşırıq verib ki, imkan daxilində stabil vəziyyətdə saxlayın”. 

Müştərinin istəyinə uyğun olaraq daha aşağı qiymətə menyular da təklif etmək olur. Bunun üçün bəzi yeməklər menyudan çıxarılır. Lakin yol verilən bu hədd restoran sahibinin ziyanı ilə nəticələnəcək səviyyədə olmur. 

Salman İmanlı- ekspert: “Şadlıq saraylarını idarə edən insanların, onların da müəyyən qədər qazancları olmalıdır, digər xərcləri var, elektrik xərcləri, o cümlədən bazar xərcləri. İstehlak bazarında qiymətlərin artırılması müşahidə olunur, özü də çox ciddi surətdə müşahidə olunur. Şənlik evlərində olan vəziyyət, ümumiyyətlə insanların gündəlik tələbatına olan durumları adekvat deyil”.

Xüsusən 40 manatadək olan menyularda qiymət daha çox artıb - 6.2 faiz. Qiyməti 40-80 faiz olan menyuların qiyməti 5.8 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 4.9 faiz artım qeydə alınıb. Bunun müqabilində 2024-cü ilin yanvar ayında şadlıq saraylarında sifarişlərin sayı 6.5 faiz artıb.

Pərvin Abbaszadə