• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2355
— 19.02.2024 19:30

"Sülh bölgəmizdə və dünyada əmin-amanlıq və sabitlik üçün ümid mənbəyi olacaq"

KepezTV Player

Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. Bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, hər dəfə olduğu kimi, bu dəfə də prezident seçkilərindən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə edib. Rəcəb Tayyib Ərdoğan seçkinin Azərbaycanın bütün suveren ərazisində keçirilməsinin xüsusi önəm daşıdığını deyib. Seçki vaxtı Azərbaycana qarşı olan yanlış münasibətə də toxunub. Vurğulayıb ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsinə dair qərarın ləğvinə qədər Azərbaycana dəstəyi davam etdirəcək. Türkiyə lideri Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişindən də danışıb.

Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmizdə və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik. Bu fikri Rəcəb Tayyib Ərdoğan Azərbaycan lideri ilə birgə mətbuata bəyanatında deyib.

Rəcəb Tayyib Ərdoğan- Türkiyə Respublikasının Prezidenti: “Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin dünya və bölgəmizdə sülh və yeni ümid mənbəyi olacağı şübhəsizdir. Türkiyə bu prosesdə Azərbaycanla çiyin-çiyinə hərəkət edir. Qarabağda işğala son qoyulmaqla birlikdə bölgəmizdə tarixi bir fürsət pəncərəsi açılıb. Onun bağlanmaması çox önəmlidir. Ermənistanın bu prosesi dəyərləndirməsi lazımdır. Üçüncü tərəfləri isə prosesi zəhərləmək yerinə, müsbət addımlar atmağa dəvət edirəm”.

İki ölkə arasındakı əlaqələrə toxunan prezident İlham Əliyev bildirib ki,  müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Bu barədə geniş müzakirələr aparıldığını qeyd edən Azərbaycan prezidenti ortaq istehsalla bağlı konkret planlar olduğunun da anonsunu verib. Dövlət başçısı vurğulayıb ki, ikinci Qarabağ müharibəsi və 5 ay əvvəl keçirilən antiterror tədbirləri bir daha Türkiyənin ordu modelinin Azərbaycanda artıq tam oturuşduğunu göstərib.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqlədi. Artıq Azərbaycan ərazisində separatçı qüvvələrə yer yoxdur və bundan sonra heç vaxt olmayacaq”.

Səfər çərçivəsində, Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu, eləcə də Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş” və iki ölkə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” imzalanıb.

Türkiyədə iki ölkə Prezidentləri arasında təkbətək və geniş tərkibdə görüş də olub. Geniş tərkibdə görüşdə ikitərəfli ticarət dövriyyəsinin 7,5 milyard dollara çatdığı vurğulanıb, müdafiə sənayesi, hərbi, energetika, təhsil və digər sahələrdə əməkdaşlıqdan, Orta Dəhliz məsələsində Azərbaycan ilə Türkiyənin işbirliyindən bəhs olunub. 

Azad Mustafayev