• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 886
— 16.02.2024 19:41

Gənclər siyasəti - əsas istiqamətlər

KepezTV Player

Ölkəmizdə gənclər bütün dövrlərdə dövlət siyasətinin əsasını təşkil edib. Bu, müstəqillik qazandığımız ötən əsrin sonunda da, müasir dövrdə də həmişə prioritet hesab edilib. Ölkə rəhbərliyi də gənclərlə əlaqədar məsələləri daim diqqət mərkəzində saxlayıb. Növbədənkənar prezident seçkilərində qalib olan İlham Əliyev andiçmə mərasimində çıxış edərkən də gənclərlə bağlı məsələlərin üzərində dayanıb. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar. Gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur”. 

Yenidən 7 il müddətinə ölkəmizə rəhbərlik edəcək İlham Əliyevin səsləndirdiyi fikirlər müvafiq qurumlara siqnaldır. Bundan sonra gənclərlə bağlı işlərə daha çox önəm vermək baxımından. Bu günədək Azərbaycanda gənclərin inkişaf etdirilməsi, öz potensiallarını artırması, cəmiyyətə layiqli şəkildə yetişdirilməsi, məşğulluğu üçün bir sıra addımlar atılıb. Bunlara Gənclər Evlərini, Gənclərin İnkişaf və Karyera Mərkəzlərini, xaricdə təhsili, eləcə də icra edilən dövlət proqramlarını nümunə göstərmək olar. Gənc nəsil də həm ölkədə, həm də xaricdə təhsil, idman və digər sahələrdə uğurlara imza atmaqla onlara olan güvənin boşuna olmadığını göstərir. Azərbaycanın yeni mərhələyə qədəm qoyduğu dövrdə də gənclərə inam böyükdür və bütün sferalarda onlara dəstək davam edəcək.

Nihad Mürvətov- gənc: “Mən də bir gənc kimi keçirilən tədbirlərdə olduqca fəal şəkildə iştirak etməyə çalışıram. Həmçinin, prezident İlham Əliyevin bizə verdiyi bu etimadı doğrultmağa çalışıram və gələcəkdə də bununla bağlı daha böyük işlər görməyə çalışacağam. Ölkədə gənclər siyasətinə, gənclərə olan önəm bütün sahələrdə özünü geniş şəkildə göstərir. Mən də bu yolda özümü gələcəkdə inkişaf etdirməyə, dövlətimizin bizə göstərmiş olduğu etimadı doğrultmağa çalışacağam”.

Nizami Məmmədov- gənc: “Bir gənc olaraq ölkə rəhbərliyinə, ölkənin ideologiyasına, gənclərlə bağlı prioritet siyasətə sadiq qalmalıyıq. Gələcəyimizi özümüzü şanslı hiss edərək bunun üzərində qurmalıyıq. Bizə göstərilən etimadı doğrultmaq və bu etimadın nəticəsində cəmiyyətə, millətə, xalqa, vətənimizə yararlı bir gənc olmaq bizim boynumuzun borcudur. Biz dövlətimizə yararlı bir gənc olmağımıza inanırıq”.

Aytən Hüseynova- gənc: “Gələcəkdə savadlı bir kadr olaraq cəmiyyətin içində olmaq, cəmiyyətə kömək olmaq, eyni zamanda qazandığımız biliklərlə müəyyən iş yerlərində işləmək, kənd təsərrüfatına verdiyimiz faydalar bunların hamısı çox önəmlidir. Biz də əlbəttə bir gənc olaraq çalışırıq ki, dövlətimizin verdiyi qayğıya əsasən dövlətimizə layiq olmağa, savadlı kadr olmağımızla, təhsilimizlə cəmiyyətə çox böyük töhvə verməyə çalışırıq”.

Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Müşfiq Cəfərov prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqini gənclərlə iş baxımından əsas yol xəritəsi hesab edir. Ölkə rəhbərinin gənclərlə bağlı səsləndirdiyi mesajlar gələcəkdə bu sahə ilə bağlı işlərin daha da genişləndirilməsini vacib edir. 

Müşfiq Cəfərov- millət vəkili: “Hesab edirəm ki, istər orta məktəblər, istər ali məktəblər, istərsə də peşə məktəbləri aidiyyatı gənclər təşkilatları, ələlxüsus da Təhsil, Gənclər və İdman Nazirliyi bu səpkidə işi dayanıqlı şəkildə həyata keçirməlidirlər. Düşünürəm ki, daha çox tədbirlər, daha çox layihələr yerinə yetirməlidirlər. Bu da birmənalı olaraq gənclərin iştirakını təmin etmiş olacaq. Bu səpkidə böyük işlər görülüb, bunu danmaq olmaz. İnanıram ki, bundan sonra da daha böyük işlər görüləcək. Yeni-yeni ideyalar üzərində, yeni-yeni layihələr üzərində çalışmalıyıq”.

Gənclərin ölkəmizin həyatındakı rolu çox böyükdür. Gənclik cəmiyyətin aparıcı gücüdür. Onun üçün ölkə rəhbərliyi səviyyəsində bu sahəyə önəm verilir. Dövlətin gəncliyə qayğısı sabaha hesablanan siyasətdir, bu siyasət sağlam, elmli, bacarıqlı nəslin formalaşmasına xidmət edir.

Orxan Cəfərzadə