• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2212
— 07.02.2024 20:32

Prezidentini seçənlər fəallıq nümayiş etdiriblər

KepezTV Player

Səsvermə başlayan dəqiqələrdən seçicilərin məntəqələrə axını müşahidə olunub. Girişdə yoxlanıldıqdan və siyahı üzrə qeydiyyat aparıldıqdan sonra seçicilərə səsvermə bülletenləri verilib. Vətəndaşlar sərbəst şəkildə, təzyiq olmadan kabinələrə keçərək istədikləri namizədə səs veriblər. Gəncədə 4 dairə seçki komissiyaları üzrə  205 min 216 nəfər seçici prezident seçkiləri üçün qeydiyyata alınıbdır ki, onlar da seçkidə fəallıq nümayiş etdiriblər.  

Elə səsvermənin ilk dəqiqələrində öz konstutision hüququndan şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov da istifadə edib. O, Gəncə 3-cü seçki dairəsinin 11 saylı məntəqəsində səs verib. Ümumilikdə Gəncədə fəaliyyət göstərən 4 dairə seçki komissiyalarının 159 məntəqəsində seçkiləri izləmək üçün 1800-ə yaxın müşahidəçi qeydiyyata alınıbdır. Bundan başqa dairələr üzrə təxminən 40-a yaxın exit-poll da keçirilib.
Növbədənkənar prezident seçkilərində yaşlı nəslin nümayəndələri də öz səsvermə hüququndan istifadə ediblər. Onlar seçki məntəqələrinə gələrək, istədikləri namizədə öz səslərini veriblər. Digər seçicilər kimi onlar da sərbəst, demokratik və şəffaf şəkildə prosesin iştirakçısı olublar. Gəncədə 4 dairə seçki komissiyasında 2 nəfərin yaşı 100-dən yuxarıdır. 80-100 yaş arası səs verənlərin sayı isə 10 min 700 nəfərdir.
Gəncədə seçki məntəqələrində müşahidə olunan seçici fəallığında ilk dəfə səs verənlər də pay sahibi olub. Qeydiyyata alınan ilk dəfə səs verən seçicilər sərbəst şəkildə öz səsvermə hüququndan istifadə ediblər. Gəncədəki 4 seçki dairəsi üzrə 11 min 367 seçici ilk dəfə səsvermə hüquqlu kimi siyahıya alınıb.
Gəncədəki seçki dairələrində 338 seçici məntəqələrə müraciət edərək evlərinə daşınan qutunun gətirilməsini istəyib. Müraciət edən şəxslərdən biri də uzun müddət müəllim işləyən 91 yaşlı Süleyman Hüseynəliyevdir. O, 38 saylı Dairə Seçki Komissiyasının 21 saylı Məntəqəsinə evinə daşınan qutunun gətirilməsi üçün müraciət edib.
Gəncədə keçirilən növədənkənar prezident seçkilərində xalq artistləri, tanınmış incəsənət ustaları, eləcə də ictimai xadimlər də fəallıq nümayiş etdiriblər. Səs verənlər arasında Respublikanın Xalq artisti 85 yaşlı Məmmədəli Balayev də var. O, 40 saylı Gəncə üçüncü seçki dairəsinin 15 saylı məntəqəsində səs verib.
Seçki prosesi bütün tələblərə uyğun, heç bir insident baş vermədən baş tutub.
Saat 19:00-da isə növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb.

Məntəqələrin qapıları bağandıqdan sonra müşahidəçilərin iştirakı ilə seçki qutuları açılıb və bülletenlərin sayılmasına başlanılıb. 
Elnur Vahidoğlu