Ölkənin 408 yeniyetmə boksçusunun qatıldığı Respublika birinciliyində Gəncəni 34 idmançı təmsil edib. Onlardan 13-ü müxtəlif əyarlı medallara sahib çıxıb. Yetirmələri mükafatçılar sırasına düşən məşqçilərdən Albert Qəribovun boksçuları Azərbaycan birinciliyində gəncəli idmançılar arasında ən çox mükafat qazananlardan olublar.
Albert Qəribov- Əməkdar məşqçi: “Yüksək səviyyədə keçirdiyimiz məşqlər sayəsində nəticəmiz də yaxşı oldu. Demək olar ki, Gəncə boksçuları həqiqətən də, yəni uduzan uşaqlar da hamısı yüksək səviyyədə iştirak etdilər. Hər çempionata gedən, qalib ola bilməz. Daha çox qabiliyyətli, əziyyət çəkən, daha yüksək səviyyəli potensialı olan boksçular öz sözlərini dedilər. O cümlədən, ümid bəslədiyimiz boksçular da var idi. Yarımfinalda məğlub oldular. Gələcəkdə ümidlərimizi doğruldarlar”.
Boksçulardan Zakir Həsənzadə, Rza Rzayev və Mədinə Məmmədova qızıl, Fatimə Məmmədova və Ülvi Ələkbərov gümüş, Sahəddin Həsənli, Şahin Mustafayev, Əli Əliyev, İbrahim Nağıyev, Hüseyin Abdiyev, Həsrət Mehtiyev, Şəmil Paşayev, Turqay Rəhimli isə bürünc medal əldə ediblər.
Zakir Həsənzadə- boksçu: “Azərbaycan birinciliyinin qalibi oldum. 2008-2009-cu il təvəllüdlü boksçular arasında 48 kq çəki dərəcəsində 5 döyüş keçirdim. Yarımfinal döyüşüm çətin keçdi. Final görüşlərimdə ikisi də güclü idmançılar idi. Şükür, onlara qalib gəlib, çempion oldum”.
Ülvi Ələkbərov- boksçu: “Ölkə birinciliyində 4 görüş keçirdim. Finala çıxdım. Finalda gərgin döyüş getdi. Güclü rəqib idi. Uduzdum, ikinci yerə çıxdım. Amma inşallah, “Heydər Əliyev” kubokunda daha yaxşı nəticə göstərəcəm”.
Sahəddin Həsənli- boksçu: “3 döyüşdə qələbə qazandım. 4-cü döyüşdə, yarımfinalda məğlub oldum. 3-cü yerə layiq görüldüm. Gələcəkdə məşqlərdə daha yaxşı hazırlaşıb, çempion olacam”.
Fatimə Məmmədova- boksçu: “Boksla 1 ildir məşğul oluram. Yeniyetmə qızlar arasında Bakıda keçirilən çempionatda iştirak etdim və 63 kq çəki dərəcəsində ikinci yeri tutdum”.
Həmçinin məşqçi Natiq Feruzinin yetirməsi 70 kq çəki dərəcəsində çıxış edən Rza Rzayev, bütün döyüşlərini vaxtından əvvəl nokautla qalib gələrək qızıl medal qazanmaqla yanaşı, yarışın ən texnikalı boksçusu adına da layiq görülüb. Komanda hesabında Nizami yurdunun idmançıları Respublika çempionatında 3-cü olublar.
Ramin Paşayev
- Baxış: 153