Hadisə Şəmkirin Çinarlı qəsəbəsində baş verib. Ümumi sahəsi 200 m² olan ikimərtəbəli, 6 otaqlı evdə qaz sızması nətiəsində partlayış və yanğın baş verib. Alov evin 145 m² sahəsini yararsız hala salıb. Dam örtüyü və talvar da yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər evin və talvarın qalan hissəsini yanğından mühafizə ediblər. Alov bitişik evə də ziyan vurub.
Anar Məhərrəmov- qonşu: “Səhər saatları idi - 5-ə işləmişdi. Partlayış səsi eşitdik. Durduq gəldik ki, qapını açdılar, girdik ki, xala yerdə uzanıbdır. Partlayış mətbəxdən başlayıb. Ordan da elə alovlandı, keçdi qonşu evə. Dam örtüyündən başladı, alovlandı. FHN əməkdaşları gəldilər, söndürdülər. Bir otaq burda, zal, 2-ci mərtəbədə bir otaq, bir zal, bir də mətbəx yanıb”.
Partlayış zamanı 1947-ci il təvəllüldlü Şücayət Novruzova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Anar Qasımov- həkim: “Yanvarın 16-da səhər saatlarında xəstə - 1947-ci il təvəllüdlü Novruzova Şücayət Cavad qızı bədən səthinin təxminən 80%-nin 2-ci, 3-cü dərəcəli texniki yanığı, yanıq şoku diaqnozu ilə daxil olmuşdur. Xəstəyə ilk yardım göstərilib. Hal-hazırda reanimasiya şöbəsində stasionar müalicədir. Xəstənin vəziyyəti hal-hazırda ağırdır”.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Pərvin Abbaszadə
- Baxış: 121