• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1723
— 14.01.2024 20:34

Psixoloji vəziyyət fiziki göstəricilər qədər önəmlidir

KepezTV Player

İdman psixologiyası həvəskar və ya peşəkar idmançılarla diaqnostik, terapevtik və profilaktik qayadada işləmə metodlarını aşılayır. Onun əsas məqsədi idmançılarda düzgün motivasiyanın və münbit emosional mühitin yaradılmasıdır. Yəni idman psixoloqları müxtəlif psixoloji faktorların idmançıların məşqlərinə, nəticələrinə və fiziki aktivliklərinə necə təsir etdiyini müəyyənləşdirirlər.

İlham Məmmədov- GDU-nun müəllimi: “Ümumiyyətlə bu idman psixologiyasıdır, hərbi psixologiyadır, bunlar əsasən bütün dünyada 20-ci əsrdə yaranıbdır. Bu da onunla bağlıdır ki, beynəlxalq yarışlar çoxalıbdır. Ona görə də bu sahəyə diqqət ayrılmağa başlanıbdır. İdman psixologiyası idmançıların ümumiyyətcə psixoloji durumunu, yarışdan əvvəl yarışa hazırlığı, idmançının idman prosesində keçirdiyi stresslər, onların funksional vəziyyəti və s., bu kimi problemləri ilə məşğul olur və idmançıları adətən yarışlara hazırlamaq işi ilə məşğuldur. Bizim idman akademiyasında idman psixologiyası üzrə mütəxəssislərimiz var. Onlar müxtəlif dərsliklər yazırlar”.

Uzun müddət idmançının psixoloqu rolunu elə öz məşqçiləri oynayıb. Elə indi də idmanla məşğul olanların ilkin diaqnostikasını əsasən məşqçilər keçirir. Təcrübəli məşqçi yetirməsinin əhval-ruhiyyəsini daima diqqət mərkəzində saxlamalıdır.

Beyrək Bağırov- məşqçi: “İdmançılarla psixoloji danışıqlar çox önəmlidir -onlarda ruh yüksəkliyi olsun, yarışda özlərini tam hazır hiss etsinlər deyə. Bununla bağlı biz dəfələrlə olur ki, məşq zamanı ayrıca vaxt ayırırıq, idmançılarımızla söhbət aparırıq. Elə bir vaxt olur ki, valideynlərlə əlaqə saxlayırıq, müzakirələr aparırıq ki, uşaqların psixoloji durumlarına nəzarət etsinlər, onlarla motivasiyalı danışsınlar. Çünki bildiyiniz kimi, idmançılar tez küsəyən olurlar. Yarışqabağı o qədər əziyyətlərdən keçirlər. Çəki atan idmançılar olur. Onlar üçün hər şey daha ağır olur. Onlar psixoloji olaraq tez hövsələdən çıxırlar. Daima stressdə olurlar”.

Bəs görəsən bu cür hallarda məşqçi hansı üsullara əl atır? İdmançının tam potensialının üzə çıxması üçün nələri edir?

Beyrək Bağırov- məşqçi: “Elə bir idmançı var ki, potensialı çox böyükdür, yaxşı döyüşçüdür. Sadəcə olaraq psixoloji hazır olmur. Yarış ərəfəsində çox stres yaşayır. Mən onunla çoxlu psixoloji söhbətlər aparıram. Elə olur ki, məşqləri bəzən də dayandırıram. Ancaq onalarla motivasiyalı söhbətlər edirəm ki, əsas o potensial gücü ortaya çıxaraq. Ona həqiqətən güclü və bacarıqlı olduğunu hissetdirirəm. Sən yenilməz idmançısan, sadəcə bu potensialını istifadə etmək üçün həmin rinqə çıxanda həyacanlanıb, bunu edə bilmirsən”.

Bəli. İdmançının psixoloji durumunu təhlil etmək, məlumat toplamaq, hər fərdi idmançının inkişaf yolunu müəyyənləşdirmək, çətinlikləri aşmaq üçün düzgün psixoloji tənzimləmələr etmək və s. bunlar hamısı idman psixoloqlarının və məşqçilərin işidir. Bəs idmançılar stress atmaq üçün, qələbəyə köklənmək üçün nə edirlər.

Rövşən İsmayılov- peşəkar idmançı: “Bu nailiyyətləri əldə etmək üçün özümə məqsəd, prinsip qoydum və bu prinsiplə gedirəm. Yəni məşqlərə davam etmək üçün özümdə məhsuliyyət hiss edirəm ki, bu məşqləri davam etdirim, nəticə verim. Cavan kadrlara da göstərim ki, baxmayaraq ki, yaşım çoxdur, məşq eləmək üçün əzmkarlıq nümayiş etdirmək lazımdır”.

Pərvin Yusibov- peşəkar idmançı: “İdman həm də ritmdir. Musiqidən istifadə edirik. Musiqi bizə idmanda köməklik edir. İdmançı və ya başqa dostlarımızla yığılıb, stress atmaq üçün kafelərdə və ya başqa uyğun yerlərdə, açıq havada birgə qrup halında vaxt keçiririk. Ümumiyətcə idmanda zədələrdən bərpa müddəti də stresli bir müddətdir. Bundan ötrü ilk növbədə psixoloji cəhəddən güclü olmaq lazımdır. Yəni psixoloji cəhəddən özünü hazırlamalısan. Buradan bütün idmançılara səslənirəm. Zədə aldıqları zaman evdə oturmasınlar. Çünki bu, onları ikiqat geriyə salır. Bacardıqları qədər zallara getsinlər. Yəni məşq etməsələr də, kənardan o zala baxıb mental olaraq həmişə hazır qalsınlar”.

Dünyanın bir çox ölkəsində idman psixologiyası üzrə seminarlar təşkil olunur. Məşqlərdə istifadə olunan psixoloji metodları yaxşılaşdırmaq və inkişaf elətdirmək üçün mütəxəssislər əlavə proqramlar mənimsəyirlər. Çünki idmançının fiziki göstəriciləri ilə bərabər onun psixoloji durumu həlledici faktorlardan biri hesab edilir.

Ramin Paşayev