Vergi sahəsində edilən dəyişikliklərdə əsas hədəf vergi yükünün azaldılması, sahibkarlıq fəaliyyətinin təşviqi və bir sıra istiqamətlərdə güzəştin tətbiqidir. Mikrosahibkarlıq subyektləri üçün sosial xarakterli xərclər onlar yeni fəaliyyətə başlayan zaman əlavə yük yaradır. Fəaliyyətin dayanıqlı olması üçün sosial sığorta haqlarının vergi öhdəlikləri ilə əvəzləşdirilməsi nəzərdə tutulub.
Elnur Kəsəmənli- 12 saylı Ərazi Vergilər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi: “Vergi məsələsinə edilmiş son dəyişikliklərdə mikrosahibkarlıq subyektlərinin fəaliyyətinin davamlılığını təmin etmək və onların sosial sığorta yükünün dövlət büdcəsi vəsaiti hesabına konpensasiya edilməsi məqsədilə, onların özlərinə görə ödədiyi sosial sığorta haqqı məbləğinin 25 faizinin dövlət büdcəsinə ödənilməli olan vergi məbləğindən çıxılması təsbit olunub. Bununla da, həm çəkilən xərclərin konpensasiyası, həm də qeyri-rəsmi dövriyyələrin azaldılması hədəflənir, eyni zamanda dəyişikliklər sosial-iqtisadi siyasət çəçivəsində böyük kütləni əhatə edən mikrosahibkarlıq subyektlərinə dövlət dəstəyinin təzahürü kimi çıxış edir”.
Digər bir yenilik turizm sahəsi ilə bağlıdır. Belə ki, regionlarda turizm subyektlərinin ödədiyi əmlak vergisində müəyyən müddət ərzində güzəştlər ediləcək.
Elnur Kəsəmənli- 12 saylı Ərazi Vergilər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi: “Bu məqsədlə Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında mehmanxana, hotel və sanatoriya fəaliyyətində istifadə edilən əmlaka görə əmlak vergisi 2024-cü il yanvarın 1-dən 3 il müddətə 75 faiz azaldılması ilə bağlı Vergi Məcəlləsində dəyişiklik edilib. Dəyişikliyin əsas məqsədi regional turizmin inkişaf etdirilməsi və biznes üzərindəki sabit vergi xərclərinin optimallaşdırılmasıdır”.
Bundan başqa səhiyyə istiqamətində də vergi güzəştləri ediləcək. Bu sahədə çalışan fiziki şəxslər bəzi ödənişlərdən azad edilib.
Elnur Kəsəmənli- 12 saylı Ərazi Vergilər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi: “Səhiyyə müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada Pos-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyənin 50 faizinin 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi tutulan ümumi dövriyyədən çıxılması nəzərdə tutulur. Eyni zamanda, dövlət büdcəsinə hesablanarkən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər gəlir və mənfəət vergisindən azad olunub. Tibb müəssisələri üzrə əhəmiyyətli vergi güzəştini nəzərdə tutan bu dəyişiklik həmin sektorda şəffaflaşmanın artırılmasına, eləcə də nağdsız ödənişlərin stimullaşdırılmasına müsbət təsir edəcək”.
Bütün bunlarla yanaşı fiziki şəxslərin banklardakı milli valyutada olan əmanətlərinin depozit faizinə güzəştlər olacaq. Depozit 18 ay və daha çox müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsinə 3 il müddətinə vergi tətbiq edilməyəcək.
Orxan Cəfərzadə
- Baxış: 2921