• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 810
— 09.01.2024 10:10

Kitab oxumaq hazırda nə qədər trenddədir?

“Kitabsız bir ömrün nə mənası var?”- deyib Səməd Vurğun .

Danılmaz həqiqətdir ki, hər kəsin cəmiyyətdə nüfuzu və mövqeyi ilk növbədə onun biliyi, savadı, intellektual səviyyəsi ilə müəyyən edilir və bu da inkaredilməz faktdır ki, bütün bunlar oxumaqla, mütaliə etməklə mənimsənilir. Kitablar bizim həyat yolumuzda bizə daim işıq olan elə bir dünyadır ki, yalnız bu aləmlə tanış olduqdan sonra onun ömrün ən dəyərli parçası olduğunu anlayırıq.

Kitabın inkişafımıza, uğur yolumuza təsiri böyükdür. Kitab oxumaq sadəcə söz ehtiyatımızın güclənməsinə, vaxtımızı səmərəli keçirməyimizə kömək etmir, o, həm də müəyyən hekayələrlə  həyat yolumuzda bizə istiqamət verir, yolumuza məna qatır.

Səma Verdiyeva- tələbə: “İdman etmək bizim bədənimizə necə təsir göstərirsə, kitab oxumaq da eyni təsiri bizim beynimiz üçün göstərir. Kitab oxumaq ən yaxşı rahatlama üsullarından, ən yaxşı meditasiya növlərindən biridir. Ortalama 1 nəfər ona verilən 5 dəqiqə ərzində hər hansısa bir tapşırığı etməklə bərabər e-maillərini yoxlaya bilir, insanlarla söhbət edə bilir və ya mobil telefondan istifadə edir. Bu isə diqqət pozuntusuna gətirib çıxarır ki, bunun aradan qaldırılmasının ən yaxşı yolu kitab oxumaqdır. Bu, həm bizim məhsuldarlığımızı artırır, həm də stress səviyyəsinin azalmasına gətirib çıxarır. Və ən əsası rahatlama üsullarından biridir. Və söz ehtiyatımızı artırır”.

Hər kitab bir çox yeni həyat deməkdir və hər birində bizə müəyyən məqsədlərlə ötürülən yeni fikirlər cəmləşib. Elə bu yerdə Qasım bəy Zakirin “Axmaqla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır”, sözləri yada düşür.

“Bir gənc olaraq deyə bilərəm ki, kitablar mənim həyatımda çox böyük rola sahibdir. Maksim Qorki çox yaxşı deyib: “Məndə olan bütün yaxşı cəhətlərə görə kitablara çox şey borcluyam”. 

Səma Verdiyeva- tələbə: “Oxuduğum kitablar sayəsində çətinliklərlə qətiyyətli şəkildə mübarizə aparmağı, həyata daha pozitiv baxmağı və daim özgüvənli olmağı öyrənmişəm. Çünki  oxuduğum hər əsərin sonunda qəhrəman sadəcə mənfi hadisə və təsirlərdən uzaqlaşaraq uğur yoluna çatıb. Eynilə uğurlu gənclər kimi...”

Kitabların janrı və mövzusu hər zaman fərqlidir. Ancaq hər biri sonda insanlara nə isə ötürür, nələr isə qatır. Elə Karlo Qoldoni də “Əlində yaxşı kitab olan biri heç zaman yalnız deyil”- deyib. Xoşbəxt və uğurlu gələcəyə sahib olan gənclər daim kitablarla bağ quranlardır.

Görkəmli şair Bəxtiyar Vahabzadə qələmiylə desək,

“Yaşamaq yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır.

Şam əgər yanmırsa, yaşamır demək,

Onun da mənası yanmağındadır”.

Həyatın anlamını dərk etmək üçün kitabların hər səhifəsindəki gizli xəzinəni gözlərimizin nuru ilə axtarıb, işığa çevirmək lazımdır.

Dünya nə səfalətdir, nə də sevinc. Axtardığımız şey, baxış bucağımız, dünyamız olur.  Hər birimiz öz dünyamızın  yaradıcılarıyıq. Əgər həyatın hər bir anı sənə ağrı verirsə, o zaman baxış bucağında problem var deməkdir.

Baxış bucağımızı dəyişmək biz gənclərin əlindədir. Kitablar bizə hər hansısa mövzuda mesaj ötürür, əsas odur ki, düzgün mesajı ala bilək.

Fidan Qədimova