• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1560
— 09.01.2024 18:46

Qızılın qiyməti "od tutub yanır"

KepezTV Player

Qızıl mağazalarında hər zövqə uyğun zinət əşyalarına rast gəlmək mümkündür, seçim imkanı da çoxdur. Rusiya, Türkiyə, İtaliya istehsalı olan üzüklər, boyunbağılar, qolbaqlar və saatlar vitrinlərdə alıcılarını gözləyir. Ancaq qiyməti “ceyran belində” olan qızıla yaxın düşmək olmur, alıcı qıtlığı yaşanır. Nəsə almaq istəyənlər isə kənardan baxıb, cibi qiymətə necə uyğunlaşdırmağı düşünürlər. 

Rəna Ordubadski- alıcı: “Mən hər saat qızıl alan deyiləm, indi gəlmişəm. Qızılın qiyməti çox bahadır. Alanda ucuz qiymətə alırlar, satanda isə baha satırlar”.

Xəqani Məmmədov- alıcı: “Baha gəlir, cibimizə uyğun gəlmir. Çətindir, ucuz olsa yaxşıdır”.

Pərviz İsmayılov- alıcı: “Qiymət nisbətən bahalaşıb. Büdcəmiz onu təmin eləmir. Ona görə də ala bilmirik. Ucuz olsun, biz də cibimizə baxaq, alaq”.

Alıcılar kimi satıcılar da qızıla kənardan tamaşa edirlər. Hətta gün ərzində alver etməyənləri də var. Deyirlər, onlardan asılı olmayan səbəblərdən qalxan qiymət bazarda durğunluq yaradıb. 

Namiq Mahmudov- satıcı: “Rus qızılı indi satışda 70-75 manatdır. Əhalidən alışımız 60-65 manatdır. Türkiyədən gələn qızıl ötən il 78-80 manat idi, bu il isə 88-90 manatdır. 750 əyarlıq qızılımız bugünkü gündə 100-140 manat arasıdır. Ərəb qızıllarımız 916 əyarlıq olan 140-150 manatdır. Ötən ilə baxanda 20-25 faiz qalxıb”.

Murad Cəfərov- satıcı: “Bizlik deyil, dünya bazarında qalxanda bizdə də qalxır, düşəndə bizdə də düşür. Ümumiyyətlə alıcılıq qabiliyyəti çox zəifdir”.

Tural Hüseynov- satıcı: “Dünya bazarında qızılların qiymətində hazırda qalxma müşahidə olunur. Bu da istər-istəməz bazarlarda da qiymətlərin qalxmasına səbəb olur. Ümumi olaraq yanvar-fevral aylarında alver aşağı olduğuna görə, alver zəif olur”.

Gəncədə qızıl bazarında vəziyyətin bu cür olmasına ekspertlərin də proqnozu müsbət bir şey vəd etmir. Görünən odur ki, yaxın müddətdə qiymətin düşəcəyini gözləmək real deyil. 

Məsim Abadov- iqtisadçı ekspert: “Ehtiyatdan qızılın qiyməti qalxır. İsanlar bu gün qeyri-ixtiyari daşınmaz əmlaka, müəyyən işi görmək adına əsas kapitalı qızıla çevirirlər. Qızıl istənilən vaxt, istənilən dövrlərdə öz tədavülünü saxlaya bilir. Bu mənada qızılın qiyməti qlobal səviyyədə qalxdığına görə, yerli səviyyədə zinət əşyalarının qiyməti qalxır. Bu gərginliklər durduqca, qızılın qiymətində enmə gözlənilmir”.

Qızılı dəyərli edən qiyməti alıcıları bu dəyərli metaldan ayrı salıb. Bunun isə nə qədər davam edəcəyini təxmin etmək bir qədər çətindir. Odur ki, qızıl almaq istəyənlər əllərini ciblərinə salmalı olacaq. 

Elnur Vahidoğlu