Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsində idmançılarla görüş keçirilib. Rusiyanın Həştərxan şəhərində boks üzrə Xəzəryanı ölkələr arasında keçirilən beynəlxalq turnirdə uğurlu çıxışları ilə yadda qalan boksçular və onların məşqçilərinin uğurlarından danışılıb. 6 idmançı ilə mübarizəyə qatılan boksçularımız 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar və komanda hesabında 2-ci olublar. Fəxri kürsüyə yüksələn idmançılarımızdan 4-ü Gəncə təmsilçisidir. Zakir Həsənzadə, Sərxan Haqverdiyev, Həsrət Mehdiyev fəxri kürsünün ən yüksək pilləsinə ucalıblar. İmamsalehzaman Salmanov gümüş medal qazanıb. Görüşdə həmçinin Powerliftinq üzrə Moskvada keçirilən Dünya çempionatında mükafat qazanan Elnur Əliyev də iştirak edib. Yarışlarda müvəffəqiyyət qazanan idmançılara fəxri fərmanlar təqdim olunub.
İntiqam Hüseynov- Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi: “Qeyd edim ki, bu il bizim üçün medallarla, nəticələrlə zəngin oldu. Uğurlarımız davamlıdır. Növbəti ildə də, inşallah, bu ənənəni davam etdirəcəyik. Fürsətdən istifadə edib xalqımızı, gənclərimizi, idmançıları həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, eyni zamanda Yeni il münasibəti ilə təbrik edirəm”.
Ramin Paşayev
- Baxış: 247