Tovuz təmsilçisi ilk iki dövrənin yekun nəticlərinə əsasən turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Komandanın aktivində 22 xal var. Çoxsaylı azarkeş kütləsinə malik olan Turan-Tovuzun Premyerliqaya dönüşü və yeni sponsorun dəstəyi ilə heyətinin güclənməsi onun potensialının artacağından xəbər verirdi. Çoxları Tovuz komandasının daha iddialı çıxış edəcəyinə inanırdı. Artıq geridə qalan ilk yarının nəticələrinə nəzər saldıqda isə nədənsə komandanın imkanlarından daha zəyif çıxış etdiyi ağıla gəlir.
Kamal Bayramov- "Turan"ın kapitanı: “Bu il yarım müddət çox az bir müddətdir. Böyük bir komanda olmaq üçün, daha da yaxşı addımlamaq üçün, daha yaxşı hədəflərə getmək üçün, düşünürəm ki, bir az zamana ehtiyacımız var. Keçən ilə nisbətən bu il oyunlarımızda, hücum planında və yaxud digər işlərimizdə də müsbət yöndə dəyişikliklər var. Dövrəni bir az çətin keçirtdik, daha yaxşı ola bilərdik. Oyun baxımından daha da yaxşı inkişaf edə bilərdik. Bəlkə də bu gün olduğumuz yerdən daha da yuxarıda ola bilərdik. Bu, futboldur, biz bunların hamısını nəzərə almışıq. Bilirik ki, zamana ehtiyacımız var”.
Tovuz klubu bir neçə dəfə hakim səhvlərinə görə uğursuzluğa uğradıqlarını dilə gətirib. Elə bir neçə gün öncə komandanın azarkeşləri də bu məsələ ilə bağlı bəyanatla çıxış ediblər. Narazılığa səbəb olan görüşlərdən biri “Neftçi” ilə çempionat oyunu, digəri “Zirə” ilə Azərbaycan Kubokunun qarşılaşmasıdır.
Kamal Bayramov- "Turan"ın kapitanı: “Futbol səhvlərdən ibarət olan bir idman növüdür. Hakimlər də səhv edə bilər. Demək olar ki çempionata nəzər salsaq görərik ki, hardasa 7, 8 xalımız itirilib. Bu da normal haldır. Yəni bütün Dünya futbolunda belə hallar olur. Yəni biz də bunu normal qarşılayırıq. Onlar da çalışırlar ki, maksimum səhv etməsinlər, necə biz futbolçular meydanda çalışırıq ki, səhvlərimizi minimuma endirək. Amma bunların bizə komanda olaraq təsiri oldu. Düşünün ki, həmin o 6 və ya 7 xal bizi turnir cədvəlində daha yüksəyə qaldırardı və bu da bizim üçün əlavə motivasiya ola bilərdi. Qərəz olmasını istəməzdim. Düşünmürəm ki, qərəz var. Səhvlərdir, səhvlər hər bir kəsdə ola bilər”.
“Turan-Tovuz” çempionatın ikinci hissəsinə Türkiyədə hazırlaşacaq. Komanda yanvarın 3-də qardaş ölkəyə yollanacaq və Antalyada keçirəcəyi təlim-məşq toplanışına yanvarın 16-da yekun vurulacaq. Turanın yeni ildə çempionatda ilk rəqibi isə "Kəpəz" olacaq.
Ramin Paşayev
- Baxış: 226