Şeir- sözdən istifadənin ən mükəmməl vasitəsidir. Ondakı sözləri və sözlərin ifadə etdiyi anlamı doğru istifadə etməmək, ya da yanlış dəyərləndirmək dərin və incə sənətə qarşı böyük haqsızlıq olar. Gəlin, sənətin dəyərini sənətkardan öyrənək.
Fərid Mahmudov- bədii qiraətçi: “Mən uşaq vaxtından kitab oxumağı sevirdim, hətta mənalı sözlər olduqda altından xətt çəkirdim. Məndə bu istedadın üzə çıxmasının səbəbi məktəb vaxtı televizorda gördüyüm bir qızın bizim milli qəhramanımız Mübariz İbrahimova yazdığı şeir olub. Birdən-birə dedim ki, mən də yazacam. Öz otağıma getdim və başladım yazmağa. İlk şeirim iki-üç bənd olub. Yavaş- yavaş özümü təkmilləşdirməyə başladım”.
Vətənə qarşı bütün sevgi hissini özündə birləşdirən şeiri gənc istedadlımızın dilindən eşidəndən sonra ilk yaranan sual belə olur ki, şeir yazarkən ən çox nəyə diqqət etməliyik?
Fərid Mahmudov- bədii qiraətçi: “Şeirin yazılmasında qoşma, gəraylı və hansı hecada olmasına fikir vermək lazımdır. Çünki hər bir janr digərindən fərqlənir. Həmçinin şeir yazarkən sözlərin bir-birini tamamlamasına xüsusi fikir verirəm ki, şeiri yazıb qurtarandan sonra şeirdə bir məna olsun. “Hər kəs şeir yaza bilər, ancaq hər kəs özünə şair deyə bilməz”, – belə bir deyim var. Sonradan başladım müxtəlif mövzularda şeirlər yazmağa. Vətən, sevgi, şəhid analarına aid edilən və başqaları”.
Çox gözəl bir ifadə var: “Şeir xoş bir təbəssümdən, ya da göz yaşlarından yaranır”. Duyğularımızı əks etdirən hər şeir onu yazan şairin uğurudur.
Fərid Mahmudov- bədii qiraətçi: “Gənclər daha çox çalışmalıdırlar ki, öz sevdikləri peşədən irəliləsinlər. Çünki, heç kəs sevmədiyi işdə uğur qazana bilməz. Düzdür, mən başqa ixtisasda təhsil alıram və öz ixtisasımdan da razıyam. Şeir yazmağı isə özümdə bir hobbi kimi formalaşdırmışam”.
Lalə Bağırova
- Baxış: 186