Ruhumu riqqətə gətirən musiqi bənzərsiz çiçəklərin açdığı və alaq otlarının cücərə bilmədiyi bur diyara bənzəyir. Sözsüz ki, onun əsl gücü, insanı bəstəkarın xəyal dünyasına aparmasıdır. Bu gün musiqi ilə qəlblərə toxunan daha bir istedadlı gəncimizi “Gəncəm”-də tanıyacağıq.
Fidan Musayeva- piano müəllimi: “Artıq 12 ildən çoxdur ki, fortepiano ilə məşğulam. Anam musiqi müəllimidir və məndə olan potensialı ilk o gördü. 7 yaşımda məni musiqi məktəbinə yönəltdi. Burada 7 il təhsil aldıqdan sonra Gəncə Musiqi Kollecinin instrumental ifaçılıq ixtisası üzrə təhsil almağa başladım. Artıq 1 il 6 aydır ki, müəllim kimi fəaliyyət göstərirəm. İlk vaxtlar tələbəm az idi, ancaq sonradan gənclərin bu sahəyə marağının artdığını gördüm və işimə olan marağım və sevgim daha çoxaldı. İndi də müəyyən təbəqəyə gəlmişəm və işimdən çox razıyam. Gələcək arzum tanınmış pionistlərdən biri olmaqdır. Ölkəmizdə və başqa şəhərlərdə ölkəmizi təmsil etmək və konsertlər verməkdir”.
Fidan xanım gənclərə öz tövsiyələrini verməyi də unutmadı.
Fidan Musayeva- piano müəllimi: “Gənclərə tövsiyələrim musiqi və incəsənətlə məşğul olmalarıdır. Musiqi, ruhun qidasıdır və həyatımızın əvəzolunmaz bir parçasıdır. Fortepiano ilə məşğul olmalarını istərdim ki, bu, stresi azaldır, ürək-damar sistemində olan xəstəliklərin qarşısını alır, iş qabiliyyətini artırır və insana müsbət enerji verir və s. Əziz gənclər, musiqi ilə məşğul olun və musiqini sevin, çünki bədənimizin olduğu kimi ruhumuzun da qidaya ehtiyacı var”.
Fidan Qədimova
- Baxış: 234