Müasir dünyanı nə iləsə təəccübləndirmək olduqca çətindir. Çünki artıq insanları heyrətləndirəcək çox az şey var desək, yəqin ki, yanılmarıq. İncəsənt isə bu yerdə istisnadır. Rənglərin insan həyatı və psixologiyası, fiziologiyasına özünəməxsus təsiri danılmazdır.
Elnaz Ələsgərova- tələbə: "Sənət yaratmaq üçün incə ruh, incə toxunuş, incə baxış lazımdır. Ruhumuza toxunan rənglər olmasa, sənət ola bilməz. Hər bir sənətin özünəməxsus rəngləri vardır. Məsələn; musiqinin rəngi notlar olduğu kimi, rəsmin də rəngi boyalardır. İnsanların sevdiyi rəng onların ruhundan xəbər verir".
Rənglərin ahənginin gündəlik həyatımıza və həyat tərzimizə olan bariz təsirini görə bilərik. Sənət əsərlərini canlandıran əsas element, əks olunan harmoniyadır, desək, yanılmarıq. Biz rənglər aləmində yaşadığımızdan hər birimizin də sevimli və sevmədiyimiz rənglər var.
Nurtəkin Verdiyeva- tələbə: "İnsanların baxış bucağı fərqlidir. Əsərdə insanların diqqətini çəkən rənglərdir. İncəsənət insanın hisslərini, duyğularını təsvir edən bir vasitədir. Rənglər insanların ruh halının dəyişməsinə də səbəb olur. Bir rəng toxunuşu ilə başqa rəngə toxunaraq, onun ahəngini də dəyişə bilərik".
Elmi araşdırmalar sübut edib ki, insan görmə orqanı vasitəsilə 180-dək rəng tonunu və onların 10000-dən artıq rəng çalarlarını fərqləndirməyi bacarır. Hər bir rəngin özünəməxsus xüsusiyyətləri var və onlar barədə öyrənib həyatımıza tətbiq etdiyimiz zaman həyat tərzimizdə və enerjimizdə olan dəyişikliyi bariz hiss edə bilirik. Çünki bu, bir həqiqətdir ki, insan hansısa rəngin təsirindən xəstələnə və ya sağala, uğur qazana və ya uduza bilər. Psixoloqların fikrincə, rəng informasiyanın ən mühüm növlərindən biridir. Bu və ya digər rəngə üstünlük vermək insanların malik olduğu gizli xüsusiyyətləri əks etdirir. Eyni zamanda sübut olunub ki, rəng seçimi zamanı insan həm də bunu yaşına və cinsinə uyğun arqumentlərlə əsaslandırır.
Ürfanə Əzimova
- Baxış: 199