Nə qədər müasir dövrdə yaşasaq da, bəzən ətrafdakı insanların fikri digərlərindən olduqca fərqlənir. Məsələn, bunlardan biri də peşə seçimində olan ayrı-seçkilikdir ki, bəzi valideynlər hələ də “oğlan sənəti”, “qız peşələri” olaraq uşaqlarının gələcəyini dəyişdirmək istəyirlər. Cəmiyyətdə əsasən kişilərin çalışmağa adət elədiyi elə peşə və sənət növləri var ki, orada qadınların işlədiyini görəndə ilk baxışdan insanlarda təəccüb yaranır. Halbuki, bu işlərdə çalışan və kifayət qədər uğur qazanmağa müvəffəq olmuş xeyli qadın da var. Eyni zamanda, elə peşə və sənət növləri var ki, cəmiyyət onları əsasən, qadınların "boyuna biçsə də", həmin sahələrdə çalışan kişilər də az deyil. Əvvəllər həkim, müəllim olmaq xanımların ən sevimli peşəsi sayılırdı. İndi isə qızlar texniki peşələrə, əsasən əvvələr “oğlan peşəsi” sayılan sahələrə böyük maraq göstərirlər. Eyni vəziyyət oğlanlar üçün də keçərlidir. Müasir dövrdə müəllim peşəsində işləyən oğlanların sayı da az deyil.
Müsahibim Aytac xanım da məhz oğlanların daha çox önəm verdiyi sahədə təhsil aldığına görə, mövzumuz ilə bağlı maraqlı fikirləri oldu.
Aytac Cəfərova- mühəndis: “Mənə görə, “qız sənəti” və “oğlan peşəsi” deyə, ayrı-seçkilik olmamalıdır. Çünki əvvəlki dövrlərdə idi, belə ki, həmin vaxtlar xanımların məhdud işlədikləri dövr idi, deyirdilər ki, xanımlar, ancaq, müəllim ya da həkim olsun. Əlbəttə, onlar da pis sənət deyillər. Sadəcə, bu fikri az da olsa genişləndirmək lazım idi. Əvvəlki dövrlərdə bu, mümkün olmadığına görə daha çox xanımlar da həmin ixtisaslara istiqamətlənirdilər. Bəylər də ki, standart olaraq digər sahələr arasında seçim edirdilər. Ancaq müasir dövrdə təhsil inkişaf edir, yəni, cəmiyyətin artıq getdikcə bununla bağlı fikri dəyişir. Elə bu səbəbdən də qadın- kişi peşələri arasında olan ayrı-seçkilik öz aktuallığını itirir. Şəxsən mən özüm bakalavra qəbul olarkən, balım digər ixtisaslara çatsa da, ancaq mən mühəndisliyi seçdim, seçdiyim sahədən də peşman deyiləm. Çünki, bugünkü dövrün tələblərinə uyğun bir sahə seçmişəm”.
Çox maraqlı gəlir, peşələrarası ayrı-seçkilik cəmiyyətin inkişafına mane olurmu? Və gənclər hələdə belə düşüncənin olmasına baxmayaraq, seçimlərini nəyə əsasən edirlər?
Aytac Cəfərova- mühəndis: “Elə fikirlərin qalması, bəzən valideynlərin təsiri nəticəsində olur. Çünki onlar, o mühitdə böyüyüblər, onlar artıq o anlayışı mənimsədiklərinə görə fikirlərini dəyişmək çox çətin olurdu. Müasir dövrdə isə tamam fərqlidir, indiki gənclər artıq bir çox mövzuda inkişaf edir, özlərini təkmilləşdirir və artıq valideynləri də razı salmaq olur. Qadın olaraq, mühəndis olmaq çox yaxşı bir seçimdir. İstənilən gənc artıq istədiyi sahəni oxuyub, təhsil alaraq, öz işlərinin mütəxəssisləri ola bilər”.
Əziz gənclər, çalışıb, ixtisas seçimində düzgün qərar qəbul etmək lazımdır ki, bu, gələcək karyeramızın qurulması üçün vacibdir. Atalar sözündə deyildiyi kimi: “Yüz ölç, bir biç”, siz də düzgün seçim edin ki, istirahətsiz günləriniz hədər getməsin.
Lalə Bağırova
- Baxış: 447