• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 715
— 26.10.2023 21:08

Atılan körpələrin sonrakı taleyi

KepezTV Player

Çox təəssüf ki, "yeni doğulan körpə atıldı", “valideynləri azyaşlıdan imtina etdi” kimi xəbərlərə rastlaşmağımız adi hal alır. Kimisi bu körpələri küçəyə, kimisi xəstəxanın həyətinə, kimisi də yol qırağına atıb, gedir. Körpələr nəzarətə götürüldükdən sonra isə ilk iş xəstəxanaya yerləşdirmək olur. 

Vüsal Kazımov- pediatr: “İlkin tibbi yardım olaraq elə uşaqlar gəldiyində uşaqlar ilkin müayinədən keçirilir. Ağciyərləri, boğazın müayinəsi, qarın müayinəsi. Əgər orda ciddi bir şikayət aşkarlanmazsa onda artıq laborator-instrumental müayinələrə keçirik - qanın və sidiyin ümumi analizi. Bütün analizlər normal çıxarsa, nəzarətdə saxlayırıq. Məlumat veririk”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi belə faktlar baş verdiyi zaman ilk öncə ailənin vəziyyətini araşdırır. Uşağın valideynlərinin hər hansı xəstəliyi, aludəçiliyi olub-olmaması ilə maraqlanır. Komitə həmçinin ailənin həyat tərzi və sosial durumunu da nəzarətdə saxlayır.

Şəbnəm Cəfərova- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı: “Uşaqların faktiki vəziyyəti eyni zamanda sağlamlıq vəziyyətləri araşdırılır. Əgər valideynlər tüfeyli həyat tərzi keçirirsə, mütəmadi olaraq övladlarına baxmırsa, onları zorakılığa məruz qoyursa təbii ki, bu ailələrdə valideyn hüquqlarından məhrum etmə və məhdudlaşdırma məsələsi ön plana çıxır. Çünki bu valideynlərlə bu uşaqlar artıq neçə müddətdir ki, çətin həyat şəraiti ilə üzləşirlər. Təbii ki, uşaqlar müəssisələrə yerləşdirildikdən sonra da bütün bu qeyd etdiyim tədbirlər yenidən davam etdirilir ki, uşaqlar tam şəkildə sağlam vətəndaş kimi cəmiyyətə qaytarılsınlar”.

Bu kimi arzuolunmaz hallar polis əməkdaşları tərəfindən də diqqətdə saxlanılır. Aidiyyatı qurumlarla bigə fəaliyyət aparılır. 

Eşqin Qasımov- DİN-nin əməkdaşı: “Bu tip hadisələr baş verdikdə dərhal adiyyatı üzrə ərazi polis orqanlarının əməkdaşları rayon icra hakimiyyətinin müvafiq komissiyasının üzvləri ilə birlikə müvafiq araşdırmalar həyata keçirirlər və o araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət verilir. Burada aidiyyatı icra hakimiyyətində olan komissiyaların rəyi əsasında ya valideynlikdən məhrum olunur və ya digər adekvat tədbirlər həyata keçirilir”.

Məsələnin hüquqi tərəfi də var. Atılmış uşaqların hüquqları qanunla tənzimlənir.

Nail Qarayev- hüquqşünas: “Azərbaycan Respublikasının Ailə məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlərin uşaqları saxlamaq birbaşa borcudur. Qanunvericilikdə belə qeyd olunub. Lakin uşaqların atılması ilə bağlı qanunvericilikdə valideynlər üçün birbaşa məsuliyyət nəzərdə tutulmayıb. Lakin körpənin təhlükəli vəziyyətdə qoyulması ilə bağlı hüquqi məsuliyyət var. Məsələn, körpəni köməksiz vəziyyətdə atan valideyni - ananı 3 ilədək həbs gözləyir. Köməksiz vəziyyətdə olan şəxsin həyatına təhlükə yaratmış şəxs, yəni körpəsini küçəyə atmış valideyn müvafiq maddə əsasında 1000 manatdan 1500 manatadək cərimə oluna, bir ilədək islah işləri və ya 6 aylıq həbslə cəzalandırıla bilər”.

Sosioloqlar isə deyir ki, bu gün cəmiyyətdə ailədaxili problemlər fonunda körpələrin, uşaqların atılması faktlarına tez-tez rast gəlinir. Bu isə ciddi narahatlıq doğurur. Çünki o uşaqlar həm də cəmiyyətə inteqrasiya, özlərini şəxsiyyət olaraq təsdiqetmə kimi sosial problemlərlə üzləşirlər.

Cavid Bağırzadə- sosioloq: “İnsanın formalaşmasında 3 mühüm amil var. Bir genetik amillər, bir sosial mühit, bir də ailədə aldığı tərbiyə. Ailə tərbiyəsindən məhrum olması onların gələcəkdə talelərini və onların şəxsiyyət kimi formalaşmalarını belə sual altına qoyur. Bu da cəmiyyətin ciddi problemlərindən biridir. Statistik baxımdan da adətən natamam ailələrdə yetişən və ya atılmış uşaqlar sonralar cəmiyyətin çox təəssüf ki, həm də cinayətkar ünsürlərinə çevrilirlər”.

Atılmış uşaqlar daim özlərini zəif, özgüvənsiz, cəmiyyətdən təcrid olunmuş hiss edir, atalı-analı uşaqlara həsəd aparırlar. Bu da çox vaxt onların qeyri-adekvat davranışlarına, pis vərdişlərə yiyələnmələrinə gətirib çıxarır. Çünki onlara nəzarət edən, qayğı ilə yanaşan, etdikləri səhvləri düzəltməyə çalışanların sayı azdır. Ona görə də övlad dünyaya gətirmədən öncə, “mən valideyn ola bilmək məsuliyyətini dərk edirəmmi?” sualına cavab tapmaq lazımdır.

Aişə Rzayeva