• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1469
— 23.10.2023 16:18

Gəncədə sərnişin avtobusu aşıb, xəsarət alanlar var

KepezTV Player

Qəza Gəncənin Əşrəf Yusifzadə küçəsində, Xan bağının ətrafında baş verib. Tikinti aparılması üçün uzun müddətdir qazılaraq ətrafı hasarlanan əraziyə avtobus aşıb. İçərisində sərnişin olan 1 nömrəli avtobusun xəndəyə yuvarlanması anidən baş verib. 

Rəfiqə Əhmədova- xəsarət alan: “Getdiyimiz yerdə dayanmaq istədi, dayana bilmədi. Yazığın səsi ora ilə bir oldu - “ay Allah, nə oldu?!”, heç nə bilinmədi. Elə getdi arxa-arxaya, saxlaya bilmədi. Bir də gördük, uçurumun dibindəyik. Uçuruma aşdı”.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Avtobusda olan sərnişinlərdən 6-na yerində yardım göstərilib. Xəsarətləri bir qədər ağır olan 9 nəfər isə xəstəxanalara çatdırılıblar. Onlardan 2 nəfər Abbas Səhhət adına xəstəxanaya, 1 nəfər Uşaq Xəstəxanasına, 6 nəfər isə Zülfüqar Məmmədov adına xəstəxanaya daxil olub. Yaralılarda əznik və sıyrıq xəsarətləri olub.

Mirqalim Seyidov- həkim: “14:30 radələrində xəstəxanamıza avtoqəza ilə 6 nəfər xəstə müraciət etmişdir. Onlar müxtəlif yaş qruplarında uşaq və orta yaş qrupunda insanlardır. İlk yardım göstərildi, həyat üçün təhlükəli heç bir şey yoxdur və xəstələr evə yazıldılar”.

İlkin məlumata görə, hadisəyə səbəb sərnişin avtobusunun əyləc sistemində yaranan nasazlıq olub. Hazırda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrində 5 nəfərin müalicəsi davam etdirilir. Onların vəziyyətləri stabildir. Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.

Pərvin Abbaszadə