• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1992
— 21.10.2023 19:48

Qızıl bahalaşıb, amma tələbat da artıb

KepezTV Player

Bütün dövrlərin ən dəyərli əşyası olan qızıl gündəlik istifadə edilən məmulatlardandır desək, yanılmarıq. Zaman ötsə də bu zinyət əşyasına maraq azalmır, əksinə artır, elə onun qiyməti kimi. Bu gün də Gəncədə qızıl satışı elə “qızıl qiymətinə”dir. Yəni adı üstündə ən dəyərli metalın qiyməti göz qamaşdırır. 

İradə Qasımova- satıcı: “Qızıllarımız 66 manatdan 88 manata kimi davam edir. Türk, rus, italyan qızılı var. Qiymətləri əyarlarına görə dəyişir. Məhərrəmlik ayında bir az zəifçilik olur. Amma indi 1 aydan çoxdur alıcılıq artıb. Qiymətlərdə də bir az artım var. Dünya bazarına görə. Qramda 2-3 manat atım var. Əvvəl türk qızılını 80-8-1ə satırdıq. İndi 84-85-ə satırıq”.

Ruslan Cəfərov- satıcı: “Qramı 70 manatdan başlayır, 90 manata kimi dəyişir. Baxır indi qızıla - türk, rus qızlı var. Bunlar italyan və türk qızllarıdır. Qramı ən aşağı 70 manatdan başlayır, 85 manata kimi dəyişir. Qızılın qiyməti dünya bazarında qalxanda biz də də qalxır, düşəndə biz də də düşür”.

Qızılla yanaşı gümüşün də qiymətində artım var.

Firuddin Qurbanov- satıcı: “2 manatdan başlayır. Modelə görə dəyişir. Hər qiymətə var. 2, 2.50, 3, 3.50, 4, 4,5. Əvvəlki vaxtla müqayisə edəndə 50 qəpik-1 manat, 1.50 arasında fərq var. Amma belə çox da qalxmayıb”.

Amma alıcıların tələbi hər zaman olduğu kimi qızıladır. Qiyməti bahalaşsa da alıcılar qızıl məmulatları əldə etmək üçün piştaxtalara yaxınlaşırlar. 

Tural Hüseynov- alıcı: “Toy qızılları ilə maraqlanırıq. Toy qızlı almaq istəyirik. Qiymətlər normaldır. Elə də baha deyil. Düzdür, bahalı qızıllar da var. Seçdiyimiz bu italyan qızılıdır, brilliant qaşlı. 2500 manata dedilər. O qədər də baha deyil. Yaxşıdır”.

Cəmil Hüseynov- alıcı: “Qiymətlər bir az bahadı, camaat ala bilmir. Gəmişdik hədiyyə üçün almağa. Əvvəllə nisbətən indi qızılların qiyməti bir balaca artıbdır”.

Vüqar Abbasov- alıcı: “Hədiyyəlik seplə bağlı maraqlanırdım. Hər gün maraqlanan deyiləm. Amma belə baxıram, normaldır. Qane edir”.

Qızılın qiymətinin düşmə ehtimalı hələ ki, görünmür. Amma qızılın qiyməti elədir ki, sabah necə olacaq, onu bilmək olmur. Qiymətləri dünya bazarı tənzimləyir.

Fərid Mehdiyev- İqtisad elmləri üzrə fəlsəfə doktoru: “Dünya maliyyə bazarında müşahidə olunan qeyri-müəyyənlik, dünya bazarında olan qızılın qiymətinin bahalaşması, eləcə də bizim ölkəmizdə qızılın daim tələbat olan alqı-satqısının həyata keçirildiyi məmulat olduğundan, bahalaşmasını əsaslandıran əsas faktorlar sırasına bunları qeyd etmək olar. Eləcə də digər tərəfdən toy mövsümünün də başlaması bizim daxili amil kimi qızılın qiymətinə təsirsiz ötüşmür. Düzdür, bizdə qızıl istehsalı olsa da, ölkəmizdə onun zərgərlik məmulatına çevrilməsi prosesi yoxdur. Ona görə biz zərgərlik məmulatlarını xaricdən aldığımıza görə, bu da qiymətə təsir edən faktorlar sırasında rol oynayır. Digər təfədən biz əgər 1 il, 1 il yarım bundan əvvələ nəzər salsaq, bu müddət ərzində də qızılın ucuzlaşmasının müşahidə edilmədiyini də görə bilərik”. 

Azərbaycan bazarındakı qızıl məmulatlarının qiymətində bahalaşmanın hansı həddədək davam edəcəyini proqnozlaşdırmaq çətin olsa da, bu tendensiyanın axarlı olmayacağını söyləmək olar. Amma bahalaşmaya səbəb olan təsir faktorlarındakı gözlənilməzlikləri də unutmaq olmaz.

Aişə Rzayeva