• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1633
— 20.10.2023 19:54

Göbələk alarkən diqqəti əldən verməyin

KepezTV Player

Payız fəsli olduğundan göbələyə artan tələbat zəhərlənmə hallarını da artırıb. Əlamətlər göbələyin növündən və yeyilməsindən asılı olaraq 2-6 saatdan sonra özünü biruzə verir. Göbələk zəhərlənmələrinin müalicəsi isə əlamətlərə əsasən təyin olunur.

Nurəngiz Məmmədova- həkim: “Xarici görünüşünə görə elə növlər var ki, çox az seçilirlər. Burada diqqətli olmaq lazımdır. Göbələyi meşədə yığarkən, ağacda da bitir, yerdə də bitir. Bunu ancaq illərlə tanıyan adamlardan alıb, yemək lazımdır. Təsadüfən oxşayır deyib, yemək qətiyyən doğru deyil. Bir-birinə oxşayan göbələklər solğun əzvayi göbələklər və prionlar var onlardır”.

Mütəxəssislər bildirirlər ki, göbələk zəhərlənmələri bütün fəsillərdə rast gəlinir. Lakin zəhərlənmə halları daha çox yağışlı havalardan sonra meşələrdən yığılan göbələklərdən istifadə zamanı müşahidə olunur. Bununla belə bazarlarda satılan göbələklərdən də zəhərlənənlər olur.

Nurəngiz Məmmədova- həkim: “Birinci ürəkbulanma verir, sonra baş ağrısı. Bəzən isə heç ürəkbulanma vermir, sadəcə onu qəbul edən insana başağrısı verir və özünü halsız hiss edir. Bundan sonra ürəkbulanma başlaya bilər. Mütləq göbələk yeyən adam özündə hər hansısa bir narahatlıq hiss etdikdə, dərhal həkimə müraciət etməlidir. Mədə yuyulmalıdır, təmizləyici imalə olunmalıdır, ondan sonra həkim tərəfindən xüsusi müalicələr yerinə yetirilməlidir”.

Bundan başqa, açıq havada və yol kənarlarında satılan göbələkləri almaq olmaz. Belə göbələklərin üzərinə qonan toz və mikroblar da göbələk zəhərlənməsinə səbəb olur. Zəhərli və zəhərsiz olan göbələklər bir-birinə çox oxşadığından onları alarkən daha diqqətli olmaq lazımdır.

Bəhruz Rzaquluyev- satıcı: “Bir neçə illərdir ki, Gəncə şəhərində şampinyon göbələyinin satışı ilə məşğuluq. Bu göbələklər Bakıda təbii üsulla yetişdirilir. Müştərilərə mən məsləhət görürəm ki, mənşəyi bəlli olmayan göbələklərdən istifadə etməsinlər, sertifikatı olan göbələklərdən, tanıdıqları insanlardan göbələk almağa daha çox üstünlük versinlər”.

Sahib Məmmədov- alıcı: “Göbələyi həmişə sertifikatı olan yerdən alıram mən, yəni zəhərlənmə olmasın deyə. Hələlik razıyıq, sertifikatı da üstündə. Göbələyi həmişə bu bazardan alıram”.

Xanlar Musayev- alıcı: “Göbələk alanda həmişə diqqət etmək lazımdır -onun zəhərliləri var. Düzdür, tanımırlar, çöllərdən yığıb gətirirlər. Təbii deyil, onun çoxusu zəhərli olur. Onu da tanımaq lazımdır. Alan adamlar tanımırlar, da ona görə zəhərlənirlər”.

Natiq Əsgərov- alıcı: “Qəşəng göbələk mağazada olur. Hökumət alır, baxır, analizdən keçir, elələrində zəhərlənmə olmur. Ancaq gedib özbaşına meşədən yığırlar zəhərlənirlər, xəstələnirlər”.

Leyla Həsənova- alıcı: “Göbələyi alanda biz marketdən, bazardan Zirə göbələyi alırıq. Biz meşədən yığılan almırıq. Ona görə ki, meşədən yığılanların içində zəhərlilər də olur. Bircə dənə içinə düşsə, o, hamısını zəhərləyir”.

Araşdırmamızdan belə nəticəyə gəlmək olar ki, göbələk alarkən və bişirərkən çox diqqətli olmalıyıq. Əks halda ləzzətlə yediyimiz yemək zəhərə çevrilə və nəticədə sağlamlıqda ciddi fəsadlara səbəb ola bilər.

Pərvin Abbaszadə