• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1724
— 19.10.2023 20:02

Şəhər stadionu yenidən tikilir, "Kəpəz" Tovuza "köçür"

KepezTV Player

Nəhayət ki, Gəncənin futbolsevərlərin çoxdankı arzusu reallaşmağa doğru irəliləyir. Söhbət şəhər stadionunun yenidən qurulmasından gedir. Həm azarkeşlər, həm də mütəxəssislər sevinclidirlər.  

Tarixi stadion tarixə qovuşur. Bir çox məşhur oyuna ev sahibliyi edən, azarkeş rekordlarının qeydə alındığı Gəncə şəhər stadionu sökülərək yerində müasir standartlara uyğun yeni arena inşa olunacaq.

61 ildir istifadədə olan şəhər stadionunun qəzalı vəziyyətdə olması heç kimə sirr deyildi. Hətta “Kəpəz” bir müddət bundan irəli gələrək ev oyunlarını Gəncədən uzaq düşməklə keçirirdi. Mərkəzi arenanın bu halı nə azarkeşləri, nə də komandanı razı salırdı. Odur ki, prezident İlham Əliyevin oktyabrın 6-da imzaladığı sərəncam bütün futbol ictimaiyyəti üçün sevindirici oldu. 

Azər Qədimov- azarkeş: “Məlumat almışıq ki, yaxın günlərdə stadion təmirə bağlanacaq. Buna çox sevinirik, sevincimizin həddi-hüdudu yoxdur. Yeni stadionumuz hazır olduqdan sonra biz də "Kəpəz"in uğurları üçün komandaya dəstək verərik ki, əvvəlki əzəmətinə qayıtsın”.

Zöhrab Hüseynov- azarkeş: “Qərarı çoxdan gözləyirdik, stadionumuzda yenidənqurma işləri getsin. Bizim üçün çox sevindiricidir. Qışda bizim üçün daha çətin olurdu. Çünki oturacaqlar yox idi, betonda oturmaq məcburiyyətində qalırdıq. Ümid edirik ki, gələcəkdə hər şey yaxşı olacaq. Stadionumuzun tutumu barəsində eşitmişik ki, bir az azalacaq. Amma istəyərdik ki, tutumu daha çox olsun. Gələcəkdə Avrokuboklara çıxmaq istəyirik və rəqiblərimizi doğma stadionumuzda qəbul etmək istəyirik”.

Nəimi Mustafayev- azarkeş: “Müasir tipli stadionumuz olmadığı üçün bizim üçün Gəncədə böyük, stadartlara uyğun stadionun tikilməsi sevindiricidir. Ev oyunlarımızın gündüz saatlarında olması bizə çətinlik yaradırdı. Çünki iş vaxtına düşdüyü üçün gedib baxa bilmirdik. Digər stadionlarda işıqlandırma sistemi olduğu üçün axşam oyunlar keçirilə bilirdi. Gələcəkdə Gəncəmizdə də yeni, müasir işıqlandırma sistemli stadiona gedib komandamıza dəstək olmağa hazırıq”.

Şəhərin əsas arenasının yenilənməsi azarkeşlər kimi futbol mütəxəssislərini də sevindirir. Uzun illər "Dinamo Kirovabad"ın və "Kəpəz"in uğurları üçün tər tökən veteran futbolçular yeni stadionun inşa olunacağını futbol adına böyük hadisə kimi dəyərləndirirlər. Gəncə şəhər stadionunda bir çox uğurlara imza atan qocaman oyunçuların yaddaşında arena ilə bağlı unudulmaz xatirələr qalıb.

Füzuli Allahverdiyev- veteran futbolçu: “20 il bu meydançada oynamışam. İndi yeni stadion tikiləcək. Düzdür, bir az kədərlənmək var, ancaq fəxr edirik ki, müasir stadion tikiləcək, biz bunu, çoxdan gözləyirdik. Burada çox komandalar oynayıblar. “ÇSKA”, “Krılya Sovetov”, “Pamir Düşənbə”, SSRİ kubokunda “Kutaisi” kimi kollektivlərin hamısını burada məğlub etmişik”.

Nurəddin Əliyev- veteran futbolçu: “Stadionu söküb, müasir stadion düzəltsələr əlbəttdə böyük bir işdir. Həm Gəncə şəhərinə, həm Gəncə futboluna yaraşan bir stadion olsun. Burada çox xatirələrimiz olub. Stadionda biz yüksək liqaya da çıxmışıq, çempion da olmuşuq. Bu stadionda cavanlığım keçib, burada böyümüşəm, 17-18 yaşlarımda çox şey öyrənmişəm”.

Mehman Allahverdiyev- veteran futbolçu: “Neçə illərdir Gəncədə yeni stadionun tikilməsini hamı gözləyirdi. Doğrudan da sevincimizin həddi-hüdudu yoxdur ki, artıq Gəncədə də belə müasir stadion inşa olunacaq. SSRİ dönəmində burada yaddaqalanlardan biri “Spartak Oktemberyan”`ı 8:0 məğlub etmişik. Azərbaycan çempionatında da burada bizim ilk çempionluğumuz yadımızdan çıxmır”.

Stadionun yenilənməsi məqsədilə Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb. Artıq söküntü işlərinin aparılması üçün işlərə başlanılıb və ərazi hasarlanıb. Stadionun ən azı 15000 azarkeş tutumlu olması gözlənilir. Ehtimal olunur ki, Gəncədə 2025-ci ildə keçiriləcək MDB oyunlarına qədər arena hazır olacaq. Ona qədər isə ilkin olaraq “Kəpəz” ev oyunlarını Tovuzda keçirəcək.

Orxan Cəfərzadə