Son vaxtlar Gəncənin mərkəzi küçələrində, şəhərətrafı qəsəbələrində, parklarda sahibsiz itlərin sayının xeyli artdığının şahidi oluruq. İnsan həyatı üçün təhlükə yarada biləcək bu canlıların quduzluq və digər yoluxucu xəstəliklərin daşıyıcısı olduğu istisna deyil. Eləcə də sahibsiz itlərin ətrafdakı insanlara hücum etməsi riski də var olaraq qalır. Bu isə təbii narahatlıq doğurur.
Surxay Əliyev- sakin: “Mən küçə itləri ilə qarşılaşmışam, düzdür, bəziləri cummasalar da, hürmələrinin şahidi olmuşam. İnsan istər-istəməz qorxur, belə şeylərdən çəkinir. Mənim kuryer işləyən dostlarım var. Hansı ki, sifarişi çatdırarkən onların üzərinə itlər hücum edir. Belə şeylərin qarşısını almaq üçün, məsələn, onların çoxalmağının qarşısını almaq lazımdır. Daha çox sığınacaqların sayı artırılmalıdır”.
Ünbül Şahmalıyeva- sakin: “Aqressivləşirlər, vəhşiləşirlər. Həyət itləri öyrəşir, ancaq çöldə olan vəhşi itlər, ən çox da balaları elə görür, elə öyrənir, vəhşiləşir. İlin bəzi vaxtları var ki, daha aqressiv olurlar. Normalda cummurlarsa, həmin vaxtlarda cumurlar. Çox halda olanda daha da aqressiv olurlar. Adi hürməkləri belə insanı narahat edir”.
Tahirə Musayeva- sakin: “Quduzluğa qarşı iynələr vurula bilər, peyvəndlər oluna bilər ki, bu itlər insana cummasın”.
Röyal Orucov- sakin: “Mənim özümün də yaşadığım ərazidə küçə itləri çoxdur. Həddindən artıq. Qohumlar və ya özüm gecə vaxtı evə getmək mümkün deyil. Ona görə bunun barəsində yəqin ki, tədbirlər olunar”.
Leyla Bayramova- sakin: “Bizim yaşadığımız ərazidə də küçə itləri çoxdur. Uşaqlara dəymir, amma özlərinin sığınacaqları olsa daha yaxşı olar”.
Məsələnin ciddiliyi xəstəxanalara edilən müraciətlərin sayının çoxluğunda da görünür. Belə ki, son aylarda edilən müraciətlər ötən ilə nisbətən təxminən 10% çoxdur.
Mirqalib Seyidov- həkim: “İt dişləməsi ilə əlaqədar olaraq Gəncə və ətraf rayonlardan gələnlərə Gəncə şəhər Acil şöbəsində ilk yardım göstəririk. İlk gələn xəstəyə quduzluğa qarşı vaksin vurulur, tetanus əleyhinə anotoksin vurulur. Əgər yuxarı ətraflardan dişləmə varsa, misal üçün, baş nayihəsindən, boyun nayihəsindən, hər iki əldən və onda quduzluq əleyhinə immunoqlobulin də vurulur. 9 ay ərzində Gəncə şəhəri və ətraf rayonlardan bizə müraciət edənlərlə birlikdə 1112 nəfərdə it dişləmə olub. 55 nəfər bu ay ərzində müraciət edib”.
Müxtəlif ölkələrdəki təcrübə onu göstərir ki, küçə itləri ilə mehriban yaşamaq mümkündür. Bu işdə aidiyyəti qurumların rolu və bu heyvanların bəslənməsi üçün mənqələrin sayının çoxluğu vacib amildir. Gəncədəki yeganə sığınacağın rəhbəri Röyalə Əsgərova deyir ki, küçə itlərində aqressivliyi insanlar özləri yaradır. Daş atmaqla, vurmaqla, qovmaqla.
Röyalə Əsgərova- sığınacağın rəhbəri: “Yuva sığınacağı artıq 2 aydır ki, fəaliyyət göstərir. Bu 2 ayda biz demək olar ki, 100-130 it arası qəbul eləmişik. Onlardan 40-a yaxınını əməliyyat etmişik - qısırlaşdırmışıq, birkalamışıq, sağalıblar və mütəmadi müalicə-müayinə etmişik, sonra əksərini biz sahibləndirmişik, əksərini isə təyin olunmuş bölgələrə buraxmışıq. Bura ən çox xəstə itlər gəlir, ayaqları şikəst olanlar gəlir. Biz onları mütəmadi müalicə edirik, müayinə edirik, vitaminləri vurulur, peyvəndləri vurulur. Ehtiyac olarsa əlavə əməliyyatlar olunur və 2-3 həftə ərzində burda qalırlar. Tam sağaldıqda zərərsiz bir şəkildə biz onları buraxırıq”.
Sahibsiz heyvanlar üçün bu kimi mərkəzlərin sayı artarsa, itləri qısırlaşdırmaq, xəstəliklərə qarşı peyvəndləmək daha asan olar. Bu, həm də sakinlərin təhlükəsizliyi baxımından vacibdir.
Pərvin Abbaszadə
- Baxış: 234