Goranboy Rayon Polis Şöbəsinə rayonun Qızılhacılı qəsəbə sakininə məxsus fərdi yaşayış evinə 2 nəfər maskalı şəxslərin qeyri-qanuni yolla daxil olması, əllərindəki bıçaqla ev sahibi və onun həyat yoldaşını ölümlə hədələyib, onlara müxtəlif bədən xəsarətləri yetirən və hadisə yerindən 2 000 manat, 5 380 ABŞ dolları və 5 adda müxtəlif qızıl-zinət əşyalarını ələ keçirmələri barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Goranboy sakinləri, 1999-cu il təvəllüdlü Ümid Məmmədov və 1997-ci il təvəllüdlü Samir Hüseynov saxlanılıb. Şübhəli şəxslər saxlanılan zaman cinayətdə istifadə olunan 1 ədəd bıçaq və quldurluq yolu ilə ələ keçirilmiş pul və qızıl əşyaları maddi sübut kimi götürülüb. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
- Baxış: 232