Siyasi təzyiqlər ucbatından Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıya bilməyib. Biz bunu başa düşürük. Lakin bütün siyasi basqılara baxmayaraq biz Azərbaycandayıq və Azərbaycanla münasibətlərimiz günü-gündən inkişaf edir. Bu sözləri Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar keçirilən mətbuat konfransında deyib. 250 nəfərlik heyətlə Azərbaycana səfər edən Prezident mətbuat konfransında bir sıra önəmli məsələlərə toxunub.
“44 günlük Vətən müharibəsində kiprli türklərin ürəyi Azərbaycanla döyünüb. Biz eyni dili danışan xalqlarıq”. Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar mətbuat konfransında çıxışı zamanı ölkəsində Azərbaycanda baş verən bütün hadisələrin yaxından izlənildiyini də vurğulayıb.
Ersin Tatar- Şimali Kipr Türk Respublikasının Prezidenti: “Azərbaycanın uzun illərdən sonra ərazi bütövlüyünü tam bərpa etməsi bizi də ürəkdən sevindirdi. Azərbaycanın Qarabağdakı antiterror tədbirləri bir daha Azərbaycanın üstünlüyünü göstərdi. Hamımız şahid olduq ki, Azərbaycan heç bir mülki şəxsə zərər yetirmədən hərbi hədəfləri vurdu. Azərbaycan öz haqq işini sona çatdırdı, Qarabağa sahibliyini bərpa etdi və bütün dünyaya gücünü nümayiş etdirdi”.
“Tək millət, üç dövlət” şüarı səsləndirən Prezident, ölkələr arasındakı bütün sahələrdə işbirliklərini genişləndirmənin önəmini vurğulayıb. Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü olmağın üstünlüklərini qeyd edən Ersin Tatar, Azərbaycanın həmişə Türk dünyasının sıx birləşməsinə töhfəsini də qeyd edib.
Ersin Tatar- Şimali Kipr Türk Respublikasının Prezidenti: “Türk dünyasındakı cəbhəmizi gücləndirmək üçün digər türkdilli dövlətlər də bizə dəstək verməlidir. Şimali Kiprin müstəqilliyinin tanınması məsələsi və bu istiqamətdə görülən işlər...”.
Ersin Tatar Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında əlaqələrin sıxlaşması istiqamətində növbəti mərhələdə atılacaq addımlardan da söz açıb.
Görüşdə turizm, elm, təhsil və tələbə mübadiləsi sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu.
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından Azərbaycana səfərinin böyük əhəmiyyət daşıdığını bildirib.
Azad Mustafayev
- Baxış: 303