• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1293
— 13.10.2023 19:41

Taksi sürücüləri üçün təlimlərə başlanılıb

KepezTV Player

Avtomobil nəqliyyatı haqqında qanuna edilən dəyişikliklərdən irəli gələrək ölkədə taksi sürücüləri üçün təlimlər keçirilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 11 minə yaxın taksi sürücüsü bu prosesə cəlb edilib. Gəncədə də iki qrupda, hərəsində 25 nəfər olmaqla sürücülər təlimatlandırılırlar. 

Gəncədə taksi sürücüləri üçün təşkil olunan təlim taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə vətəndaş məmnunluğunun artırılması məqsədi daşıyır. İştirakçılara əsasən sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri, sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları aşılanır.

Tural Orucov- AYNA-nın mətbuat katibi: “AYNA-nın Təlim-Tədris Mərkəzi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə məktəblərində aparılan təlimlərdən keçmək üçün 11 minə yaxın sürücü müraciət edib. Tədris proqramına taksi fəaliyyətində tətbiq edilən müasir texnologiyalar və proqram təminatlarından istifadə, sürücünün iş və istirahət rejimi normalarına riayət olunması, sərnişindaşımada hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ilk tibbi yardımın göstərilməsi kimi mövzular daxil edilib. Proqramın yekununda imtahan təşkil edilir. Xüsusi hazırlığı müvəffəqiyyətlə bitirən sürücülərə 7 il müddətinə şəhadətnamə təqdim olunur”.

Şakir Əliyev- ATU-nun Maşın mühəndisliyi və logistika kafedrasının müdiri: “Onlara xüsusi sms vasitəsi ilə xəbər göndərilir. Onlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə 76 manat ödəniş edirlər. 25 nəfərlik qruplar yarandıqdan sonra onları bizə siyahı şəklində göndərir və biz də təlimlərə başlayırıq”.

Təlimçilər tərəfindən 1 həftə ərzində keçilən mövzular sürücülərin kompüter vasitəsilə mərkəzləşmiş qaydada imtahan verməsi ilə yekunlaşır. Müvəffəqiyyət qazananlar sertifikat əldə edə bilirlər.

Turxan Məmmədyarov- müəllim: “Aktivlikləri yüksək səviyyədədir. Onların özlərinə də maraqlı mövzulardır ki, nəqliyyat haqqında qanunlarda onların fəaliyyətləri özünü necə əks elətdirir. Həm sürücülərin özlərinin hüquq və vəzifələri baxımından, həm sərnişinlərin hüquq vəzifələri baxımından onlar da bu təlimlərdə aktiv şəkildə iştirak edib, öyrənirlər”.

Elçin Xəlilov- taksi sürücüsü: “Bizə şirkət tərəfindən məlumat verildi. Banka 76 manat pul ödəmişik. “ASAN Xidmət”də VÖEN açdırdıq və “ASAN” nömrə aldıq. Nəqliyyat Agentliyində qeydiyyatdan keçirdik, indi də sağ olsunlar, dərsləri təşkil ediblər, iştirak edirik”.

Vüsal Alıyev- taksi sürücüsü: “Taksi fəaliyyətinə görə bizə dərslər keçilir. Bizə nələr isə öyrədilir. Takis qiymətləri çox aşağıdır, qiymətlər qalxsa daha yaxşı olar və bizim üçün də daha sərfəli olar”.

Elşad Muradov- taksi sürücüsü:  “Kollektiv yaxşıdır. Dərslər də mükəmməl başa salınır. Yaxşı keçir”.

Bundan əvvəl keçirilən təlimdə 50 nəfər taksi sürücüsü imtahan verərək sertifikat əldə ediblər. Təlimlər yanvar ayının 1-nə kimi mütamadi olaraq Gəncə və ətraf rayonların taksi sürücləri üçün təşkil ediləcəkdir. 

Elnur Vahidoğlu