Xankəndidə həssas qruplardan olanlar üçün sığınacaq yaradılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Məlumata görə, sığınacaq üçün 30 çarpayılıq yataq otaqları, su, elektrik sistemi, mətbəxi, sanitar qovşağı, istirahət otağı və camaşırxanası olan üçmərtəbəli bina ayrılıb. Artıq sığınacaqda sakinlərin qəbuluna başlanıb. 6 nəfər sığınacağa yerləşdirilib, 1 nəfər aidiyyəti üzrə tibbi xidmət göstərilməsi üçün yönləndirilib. Ümumilikdə 11 nəfər sığınacağın xidmətlərindən istifadə edib. Onlar burada gündə 3 dəfə isti yemək və qəlyanaltı ilə təmin olunurlar. Sığınacaqda çalışmaq üçün 2 psixoloq və 2 sosial işçi, həmçinin aşpaz, texniki işçilər ezam olunub. Burada yerləşdirmə könüllü xarakter daşıyır, gecə qalmaq istəməyənlərə də gündə 3 dəfə qida, zəruri geyim və sosial xidmətlərdən yararlanmaq imkanı yaradılıb. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri də gün ərzində bir neçə dəfə sığınacağı ziyarət edir, şəraitlə tanış olur, ərzaq-qida təminatı, göstərilən sosial xidmətlərlə maraqlanırlar.
- Baxış: 284