Gürcüstanda qətlə yetirilən 14 yaşlı azərbaycanlı Aytac Şahmarovanın anası və dayısı həbs edilib. Rustavi şəhər məhkəməsi məcburi evlilik və cinayəti xəbər verməmə ittihamları ilə azyaşlının yaxınları barəsində həbs-qətimkan tədbirinin seçilməsi qərarı verib. Kvemo Kartli bölgə prokuroru Aytac Şahmarovanın zorla evləndirilməsinin təşkilatçısının onun anası olduğunu, Aytacın qətlə yetirilməsinə görə birbaşa məsuliyyət daşıdığını bildirib. Polisin araşdırmalarına görə, azyaşlı Alim Sadiqov tərəfindən məcburi nikaha daxil olmaq məqsədilə qaçırılıb və qanunsuz azadlıqdan məhrum edilib. Lakin o, evdən gizlicə qaça bilib və tanımadığı şəxsin telefonu ilə anası ilə əlaqə saxlayaraq oğurlanması barəsində məlumat verib. Anası və dayısı isə bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyiblər və Aytacı onu qaçıran şəxslə yaşamağa məcbur ediblər. Aytac Şahmarova oktyabrın 5-də axşam saatlarında “həyat yoldaşı” Alim Sadiqov tərəfindən qətlə yetirilib.
- Baxış: 261