• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1664
— 08.10.2023 20:23

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfər edib

KepezTV Player

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə Gürcüstana işgüzar səfərə gedib.

Səfər çərçivəsində Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub.  Daha sonra Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər.

“Biz iki lider kimi ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndiririk. Əsrlər boyu xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşayıb, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz, bölgə üçün, ilk növbədə Cənubi Qafqaz üçün çox vacib şərtdir”. Bunu Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında bildirib. "Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb", - deyən dövlətimizin başçısı Azərbaycanın və Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan və Gürcüstanın həm enerji, həm də nəqliyyat sahəsində böyük planlarının olmasından da söz açıb. 

Azərbaycanın Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biri olduğuna diqqəti çəkən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ötən dövr ərzində ticarət dövriyyəsinin 15 faiz artdığını bildirib. O, həmçinin ilin sonuna qədər Gürcüstanda dəmir yolu rabitəsinin genişləndirilməsinin başa çatdığını açıqlayıb. Bu da Bakı-Tbilisi-Qars nəqliyyat marşrutunun imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

İlham Əliyev- Azərbaycan Prezidenti: “Biz həmçinin yeni limanın, Anaklia Limanının tikintisinə başlayırıq, son mərhələ başa çatdıqdan sonra limanın tutumu 100 milyon ton olacaq. Həmçinin Şərq-Qərb sürətli avtomobil yolunun tikintisi də çox yaxında başa çatacaq. Biz bütün bu layihələrdə Azərbaycanla əməkdaşlıq edirik. Bundan əlavə, bir neçə aydan sonra tarixi, strateji əhəmiyyətə malik layihə, uğurla həyata keçirilən Bakı-Tbilisi-Qars layihəsi tamamlanacaq. Bizim çox aydın perspektivimiz, uzaqgörən vizyonumuz var. Biz Azərbaycanla çox uzunmüddətli strateji tərəfdaşlıq və dostluq münasibətləri qurmaq istəyirik. Mən bizim birgə baxışımıza inanıram”.

Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar. Sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısını, gənclərlə görüşlərini əks etdirən fotolar yer alıb. Ekspozisiyanın Azərbaycan-Gürcüstan münasibətlərinə həsr edilmiş guşəsində Ulu Öndər Heydər Əliyevin Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze, həmçinin Prezident İlham Əliyevin Baş nazir İrakli Qaribaşvili ilə görüşlərindən də fotoşəkillər nümayiş olunub.