Xarici işlər naziri Ceyhun Bayramov Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç ilə görüşüb. Azərbaycan və Serbiya arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə regionda mövcud vəziyyət müzakirə olunub. Serbiyanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsində, habelə post-münaqişə dövründə hər zaman ölkəmizin suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini xatırlayan Ceyhun Bayramov, beynəlxalq hüququn bu vacib prinsiplərinə münasibətdə ikili standartların tətbiqinin qəbuledilməz olduğunu vurğulayıb. Anti-terror tədbirlərindən bəhs edən Ceyhun Bayramov bölgədə sülh və təhlükəsizliyə hədə olan real təhdidin aradan qaldırılmasına baxmayaraq, bugün bir sıra ölkələrin müxtəlif vasitələrlə öz daxili siyasi gündəliklərini regiona proyeksiya etmək üçün olduqca təhlükəli addımlar atdığını qeyd edib. Mövcud çağırışlara baxmayaraq, ölkəmizin sülh və reinteqrasiya prosesinin irəlilədilməsi əzmində olduğu bildirilib.
- Baxış: 180