• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1363
— 06.10.2023 17:03

Torpaqları təyinatı üzrə istifadə etməyənlər cərimələniblər

KepezTV Player

2022-ci il və 2023-cü ilin 9 ayı ərzində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarında torpaq qanunvericiliyinin pozulması ilə bağlı 400-ə yaxın hal aşkar edilərək sənədləşdirilib. Bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmayıb, qanunvericiliyin tələbləri pozulmaqla torpaqlar əkin dövriyyəsindən çıxarılıb və münbit qatı korlanıb, yararlı əkin, örüş və otlaq sahələri qeyri-kənd təsərrüfatı məqsədləri üçün zəbt edilib. Şəmkirdə torpaq və əmlak idarəçiliyinə həsr edilən növbəti zona müşavirəsidə torpaq istifadəçiləri barədə 152 inzibati protokolun tərtib edildiyi, 75 min manata yaxın cərimənin tətbiq olunduğu vurğulanıb. Tədbirdə torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin genişləndirilməsi, ciddi tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb.

İlqar Həbiyev- Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri: “Əsas məqsəd ondan ibarətdir ki, dövlətə məxsus torpaqların, əmlakların idarə edilməsi sahəsində birgə əlaqələndirilmiş fəaliyyətin təmin edilməsi, mövcud vəziyyətin təhlili və qarşıda duran vəzifələrin düzgün müəyyənləşdirilib, səmərəli şəkildə həyata keçirilməsi məqsədi daşıyır. Region kifayət qədər torpaq ehtiyatı ilə zəngin regiondur. İstər kənd təsərrüfatı təyinatlı torpaqlar, istər meşə fondu torpaqları baxımından. Və xüsusilə də kənd təsərrüfatı torpaqları burada xüsusi çəkiyə malikdir. Kənd təsərrüfatı təyinatlı torpaqları həm təbii sərvət kimi, həm də iqtisadi resurs kimi, təbii ehtiyat kimi çox vacib əhəmiyyətə malikdir”.

Fərid Mehdiyev