• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 903
— 03.10.2023 19:50

Festivala hazırlaşan teatr kollektivinin ifasında yeni tamaşanın premyerası da olacaq

KepezTV Player

Gəncə Dövlət Dram Teatrı Türkiyədə keçiriləcək beynəlxalq festivallara yollanır. Teatr Gürcüstanın da bir neçə şəhərində böyük teatr turnirinə qatılacaq. Səfərdən əvvəl isə kollektiv yerli tamaşaçılar üçün yeni tamaşanı təqdim etməyi planlaşdırır. 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və Azərbaycan Peşəkar Teatrının 150 illiyi ilə əlaqədar Gəncə Dövlət Dram Teatrı Türkiyədə keçiriləcək beynəlxalq festivallara qatılacaq. Oktyabırın 18-dən 15 gün ərzində yaradıcı heyət  İstanbulda Avrasiya Teatrlar Birliyi tərəfindən keçirilən Beşinci Maltəpə və Ankarada baş tutacaq 15-ci Etos Beynəlxalq teatr festivallarında iştirak edəcək. Yaradıcı heyət hər iki festivalda rumın yazıçısı Ejon İoneskonun “Kral ölür” tamaşasını təqdim edəcək.

Aqil Bəhramlı- Gəncə Dövlət Dram Teatrının direktoru: “İstanbul şəhərində, digər məkanlarda da tamaşa oynayacağıq. Türkiyənin paytaxtı Ankara şəhərində də iki çıxışımız var. Giresun şəhərində, Gürcüstanın Uzergetik şəhərində böyük turne olacaqdır”.

Yusif Cəfərov- Avrasiya Teatrlar Birliyinin Azərbaycan təmsilçisi: “Festivaldan başqa Kats səhnə deyilən bir məkanda bizim tamaşamız var və artıq biletlərimiz satılmaq üzrədir. Ankarada da festivaldan əlavə yeni tamaşa nümayiş etdirəcəyik. İstanbul festivalında tearımızın direktoru Aqil müəllim beynəlxalq münsiflər heyətində yer alıb, jurinin üzvüdür və ölkəmizi təmsil edəcəkdir. Mən də Avrasiya Teatrlar Birliyinin toplantısı olacaq və ölkəmizi təmsil edəcəm”.

Bundan başqa kollektiv yeni bir tamaşa üzərində də məşq edir. Komediya janrında olan tamaşa Sabit Rəhmanın “Yalan” əsəri əsasında hazırlanıb. Tamaşanın oktyabrın 7-də premyerası olacaq.

Bəhram Osmanov- tamaşanın rejissoru: “Təəssüf ki, bizim tamaşamızda yalan ayaq tutur və mükəmməl addımlarla yeriyir. Yalan bizim həyatımızın bir nümunəsinə çevrilir. Hamı hamıya yalan danışır. Ailədə, işdə, cəmiyyətdə və bu, çox qorxulu bir şeydir. “Yalan” tamaşasını satira ilə biz nəinki əsərdə olan qəhrəmanları, özümüz özümüzü tənqid edirik ki, yalanla yaşamaq olmaz”.

Kəmalə Məmmədova- aktrisa: “”Şəlalə” obrazı mənə həvalə olunubdur. Bu günə kimi teatrda həmişə müsbət rol oynamışam, bu gün isə cəmiyyətin sevmədiyi obrazı canlandırıram. Bu, mənim üçün fərqlilikdir”.

Samir Abbasov- aktyor: Ümumiyyətlə improlizələrim çoxdur. Sözlərim də çoxdur, eləcə də əlavələrim də var. Bütövlükdə tamaşaçıya obrazımı və gedişatımı çatdırıram”.

Həmçinin 3 yeni tamaşanın da mövsümün sonuna kimi təhvil verilməsi nəzərdə tutulub. 

Elşad Əhmədov- teatrın baş rejissoru: “İnsan, xeyir və şərin mübarizəsi, insanın öz nəfsi üzərində mübarizə aparması “İblis”, “Mələk” - mistik tamaşa olacaqdır. Tamaşaçıları çox maraqlı səhnə əsəri gözləyir”.

Gələn ilin may ayında isə teatrın kollektivi Avrasiya Teatrlar Birliyinin xətti ilə ilk dəfə olaraq İspaniya və Portuqaliyada keçirilən beynəlxalq teatr festivallarında da iştirak edəcək.

Elnur Vahidoğlu