Elan saytlarında iş axtaranlar işəgötürənlərin yeni bir tələbi ilə rastlaşıblar. Qeyd olunur ki, işçi həm də stresə davamlı olmalıdır. Bəs bu yazı nə mənaya gəlir və yazılması nə dərəcədə düzgündür? Növbəti süjetdə daha ətraflı.
Əvvəllər iş elanlarında namizədlərdən yaş, cins, təhsil, təcrübə kimi kriteriyalar tələb olunurdu. İndi isə işəgötürən işçinin stresə davamlı olmasını da istəyir. Hər nə qədər qəribə səslənsə də qrafik dizayner, ofis işçisi və otel işi ilə bağlı olan elanlarda bu yazını görmək mümkündür. Maraqlıdır, stres və təzyiq altında çalışan dizayner ortaya hansı yaradıcı işi qoya bilər? Və ya ofis işində hansı stres ola bilər? İlk öncə suallarımızı şəhər sakinlərinə ünvanladıq.
20 ildir restoran sektorunda çalışan və yüzlərcə işçi ilə həmsöhbət olan Simur Ələsgərov deyir ki, o, namizədləri işə götürməzdən əvvəl son iş yerindən niyə çıxması ilə maraqlanır. Bundan başqa namizədin yaş və kollektivlə işləmək bacarığı, psixoloji durumu da nəzərdə saxlanılır.
Simur Ələsgərov- işəgötürən: “İlkin olaraq harda çalışdığı və çıxma səbəbini maraqlanırıq. Bu, bizim üçün vacibdir. Ən vacib olanı harda işləyib yox, niyə çıxıbdır olmalıdır. Kollektivə öyrəşmə prosesi necədir? Bu da bizim üçün önəmlidir. Biz müştəri kütləsi ilə işləyirik deyə, müştəri hər bir sözü deyə bilər. Aqressiv yanaşa bilər. Ona görə biz onun psixoloji tərəfini də düşünürük”.
Psixoloqlar deyir ki, işçini stres altında qoymaq, ona psixoloji şiddət tətbiq etmək və buna davam gətirməyini gözləmək düzgün yanaşma deyil. Əksinə işçiyə bacarığını daha yaxşı göstərməsi üçün lazımi şərait yaradılmalıdır.
Sona Davudova- psixoloq: “Bu kimi elanlar əslində insanların diqqətini cəlb eləmək əvəzinə daha çox neqativ fikir formalaşdırır. İlk baxanda insan müraciət etmək istəyəndə bütün şərtlər uyğun olsa belə elə bir yazı ilə rastlaşmaq ilk növbədə insanın ağlında təbii ki, iş haqqında pis fikir yaradır. Görəsən orda nə baş verir, iş saatı necədir, rəhbər necə biridir və.s. Yəni niyə xüsusilə bu cümləni istifadə ediblər. İşçi cəlb etmək üçün belə bir elanın yerləşdirilməsi insanların motivasiyasının, işlə bağlı gözləntisinin və eyni zamanda bununla bərabər performansının da aşağı düşməsi ilə nəticələnə bilər”.
Mütəxəssislər deyir ki, stres aşağı yuxarı bütün işlərdə var. Amma bir müəssisə əvvəlcədən bu mesajı verirsə, deməli orada qeyri-peşəkar idarəetmə, artıq çalışma saatları, ağır iş yükü və aşağı əmək haqqı ehtimalı böyükdür. Bu isə düzgün yanaşma deyil. Bundan başqa elanlarda qadın və ya kişi işçi axtarmaq, yaş aralığı təyin etmək də qanunverciliyin tələblərinə ziddir.
Aişə Rzayeva
- Baxış: 221