• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1577
— 28.09.2023 11:20

Ekzoplanetlərin birində həyat izləri aşkar edilib

James Webb kosmik teleskopu K2-18 b adlı ekzoplanet barəsində yeni məlumatları əldə edib. Sözügedən ekzoplanet K2-18 adlı qırmızı cırtdan (kiçik və nisbətən soyuq ulduz növü) ətrafında dövr edir və Yer kürəsindən 111 işıq ili uzaqlığında Şir bürcündə yerləşir. Kosmik teleskop vasitəsilə əldə edilmiş yeni məlumatlara əsasən, bu ekzoplanetin atmosferində hidrogen mövcuddur. Hidrogenin və digər faktorların mövcudluğu sözügedən ekzoplanetdə canlı orqanizmlərin ola biləcəklərinə işarə edir. Kembric Universitetinin alimləri K2-18 b haqqında daha çox məlumat əldə etmək üçün James Webb tərəfindən yığılmış məlumatları analiz ediblər.

Qeyd etmək lazımdır ki, bu ekzoplanet Yer kürəsindən 8.6 dəfə böyükdür və o öz ulduzu ətrafında tam dövrü 33 günə reallaşdırır. Aparılmış müşahidələr çərçivəsində təyin edilib ki, K2-18 b-nin atmosferində çoxlu miqdarda CO2metan və dimetilsulfid mövcuddur. Karbon tərkibli molekullara sahib bu kimyəvi birləşmələr Yer kürəsində canlı orqanizmlərin fəaliyyətləri nəticəsində formalaşırlar. Bundan əlavə olaraq ekzoplanetin atmosferində yetəri miqdarda ammonyakın olmadığı təyin edilib. Bu isə planetin maye şəklində okeana sahib ola biləcəyinə işarə edir. Belə ki, bu halda atmosferdəki ammonyak sadəcə olaraq okeanda buxarlanır.

Alimlər K2-18 b-də potensial həyat növünün ola biləcəyinə dair sübutları hələ 2019-cu ildə Hubble kosmik teleskopu vasitəsilə aşkar etmişdilər. Sözügedən ekzoplanetin atmosferində su buxarının olması öz növbəsində planetin səthində maye şəklində suyun mövcud olmasından xəbər verir. Bu isə həyat növünün formalaşması üçün vacib olan faktorlardan biridir. Digər tərəfdən isə onun ulduzu olan K2-18 ekzoplanetə öz şüalanması vasitəsilə təsir göstərir. Bu, potensial canlı orqanizmlər üçün heç də müsbət bir hal deyil. Alimlər sözügedən ekzoplaneti müşahidə etməyə davam edəcəklər.