• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 686
— 22.09.2023 20:22

Ehtiyat hissələrinin qiyməti "əl yandırır"

KepezTV Player

Mağazalarda istər Rusiya, istərsə də digər xarici ölkə istehsallı avtomobillərin ehtiyat hissələrinin qiymətində bahalaşma müşahidə edilməkdədir. Bir müddət öncəki ucuzlaşmadan sonra qeydə alınan bu hal axtarılan məhsulların qıtlığı ilə əlaqəli deyil.   

Avtomobil ehtiyat hissələrinin qiyməti demək olar ki, durmadan qalxır. Mağazalarda istənilən ehtiyat hissələri tapmaqda çətinlik olmasa da, alışı barədə bunu demək olmur. Bahalaşma əsasən Rusiya istehsalı olan maşınların ehtiyat hissələrində müşahidə edilir - təxminən 20 faizə qədər. Qiymətlərdə bu qədər artım alıcılar kimi satıcıları da qane etmir. 

Hümbət Atakişiyev- satıcı: “Hazırda Rusiyadan gələn ehtiyat hissələrinin qiymətləri get-gedə qalxmağa başlayıb. Yanvar ayında qiymətlər aşağı düşmüşdüsə, indi qiymət qalxır. Qabaq Rusiyadan gətirmək olurdu, indi yenə də problemlər yaranıb, ona görə də malları keçirə bilmirik. Alıcılıq qabiliyyəti çox aşağı düşür. Qabaq gün ərzində 5 mal satılırdısa, indi 1-2 malı zorla satırıq”.

İsmayıl Rzazadə- satıcı: “Səbəb, ölkəyə gətirilən malların keçirilməsində çətinliklər yaranıbdır. Alıcılar arasında da narazılıq yaşayırıq ki, qiymətlər çox qalxıbdır. Son zamanlar 10-20 manat bahalaşma müşahidə olunubdur”.

Elcan Sadıxlı- satıcı: “Əvvəlkinə nisbətən xeyli fərqi var. Gətirmək də mümkün deyil, qiymətlər dəyişib. Əvvəl 10 manata satdığımız mal, indi 12-13 manat olub. Alıcılıq qabiliyyətinə çox təsir edir”.

Çıxılmaz vəziyyətə düşən sürücülər də qiymətin bu cür bahalaşmasından narazılıq edirlər.

Kənan Hüseynov- alıcı: “Qalxıbdır, almaq olmur. Adam var ki, heç təzəsini almır, köhnəni birtəhər düzəldib yerinə qoyur. Demək olar ki, 40 faiz qalxıb. 5 manata aldığımız ehtiyat hissəsi 8-10 manat olub. Hamı istəyir ki, ucuzlaşa, biz də alıb, maşınımızı düzəltdirək”.

Həsən Abışov- alıcı: “Hazırki dövrdə qiymətin qalxmağı kimi qane edər ki, heç kimi, getdikcə də qiymət qalxır. Bizə ziyandır, çox ziyan edir”.

İlqar Əliyev- alıcı: “Hamı istəyər ki, ucuz olsun, ucuz alaq, tez-tez alaq. Gedib ustaya pul verib, yalvarıb düzəltdirdiyimə, təzəsini ucuz alıb işlədərəm”.

Ramin Ələsgərli- alıcı: “Qiymətlər çox bahadır. Əvvəlki kimi qiymətlər ucuz olsa yaxşı olar. Gəlirik, qiymətlər baha olduğu üçün bəzi şeyləri alırıq, bəzilərini ala bilmirik”.

Avtomobillərin ehtiyat hissələrinin qiymətlərinin bahalaşmasını şərtləndirən bır sıra amillər var. 

Cəfər Cəfərov- iqtisadçı: “Quru sərhədlərinin bağlı olması avtomobil nəqliyyat vastələrini idxal edən ölkələrin, eyni zamanda həmin tədarükçülərin yüksək qiymətlə ölkəyə məhsulları tədarük etməsinə və nəticə etibarı ilə bazarda yüksək qiymətə satılmasına səbəb olur. Eyni zamanda böyük avtomobil nəqliyyat hissələrinin ehtiyat hissələri Rusiya, Almaniya kimi ölkələrdən idxal olunur ki, Rusiya bazarında münaqişənin olması məlum məsələlərlə dolayı həmin nəqliyyat vasitələrinin ehtiyat hissələrinin ölkəyə yüksək qiymətlə gətirib çıxarır, bu gün də avtomobil bazarında yüksək qiymətə satılır. İdxal edən istehsalçıların, tədarükçülərin sayının artması bazarda qiymətlərin aşağı düşməsinə gətirib çıxara bilər. Ümid edirik ki, yaxın zamanlarda sərhədlərimizin açılması bərpa olunacaqdır və bu da qiymətlərin son dərəcədə aşağı düşməsinə gətirib çıxaracaqdır”.

Bildirilir ki, daxili istehsal imkanlarının genişləndirilməsi məhsul bolluğu ilə yanaşı qiymət enişinə də səbəb ola bilər. 

Elnur Vahidoğlu