Tarif Şurasının hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərini yuxarı hədd olaraq müəyyənləşdirməsi barədə qərarı qiymətlərin aşağı düşəcəyi fikrini formalaşdırıb. Elə ekspertlərin fikrincə də qərar, əhaliyə dərmanların daha aşağı qiymətə satılmasına imkan verəcək. Əməkdaşlarımız mövzudan yola çıxaraq Gəncədə fəaliyyət göstərən apteklərdəki vəziyyəti araşdırıblar.
Bu qərar qəbul olunanadək dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərmanlar eyni qiymətə satılırdı. İndi isə həmin qiymətlərin yuxarı hədd olaraq təsdiq edilməsi preparatları daha aşağı qiymətə satılması ehtimalını artırır.
İlhamə Məmmədova- əczaçı: “Əvvəllər Tarif şurasının qoyduğu qiymətlərlə sata bilirdik. İndi amma qərar çıxdı ki, ondan aşağı qiymətə verə bilərik. Biz də təbii ki, istəyərdik ki, daha çox müştəri bizə gəlsin. Ona görə nə qədər bacarırıqsa endirim edə bilərik. Dərmanın qiymətindən asılı olaraq 5 -10 faiz edirik”.
İradə Həsənova- əczaçı: “Qabaq Tarif Şurası nə qiymət qoyurdusa ondan nə aşağı, nə yuxarı sata bilməzdik. Amma indi icazə verilir. Siyahıya girən dərmanların qiymətini nisbətən sala bilirik. Əsas bu dəqiqə antibiotiklər, vitaminlər, sakitləşdirici dərmanlarda endirim edə bilərik. Diabet xəstələrinə uyğun dərmanları verə bilərik”.
Əczaçılar, Tarif Şurasının qərarından sonra dərmanların qiymətlərində 10 faizədək endirim edildiyinə diqqət çəkirlər. Amma alıcıların əksəriyyəti bu fikirlə razılaşmır. Əksinə qiymətlərin günü-gündən artdığını deyirlər.
Alıcı: “2 ildir alıram. Hər ay aldığım dərmandır. Mənim dərmanımda Eedirim yoxdur. Eyni qiymətə aldım”.
Alıcı: “Həmin qiymətdir. Yenə 7.69-dur, üstündə də var. Ucuzlaşmayıb. Dolanmaq çox çətin məsələdir. Bu dərmanlar bahadır”.
Alıcı: “228 manat idi. Oldu 224 manat. Dərmanım çoxdur. 2 dərmana endirim olundu. İstəyərik hamısında endirim olsun. 320 manat pensiya alıram. Onun 228 manatını hər ay bura verirəm”.
Alıcı: “Həmişə aldığım qiymətdir. Keçən dəfə də 98 manat idi. İndi də eynidir. Yenə 98 manat. Ayda 2 dəfə alıram. Endirim olsa əlbəttə ki, yaxşı olar”.
Ekspertlər deyir ki, qiymətlərdə enmələr sadəcə qiyməti Tarif Şurası tərəfindən müəyyən olunan dərman vasitələrinə aiddir. Bununla belə dərman vasitələri haqqında qanuna edilən dəyişiklik çox mühüm müddəaları əhatə edir. Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bu addımın əczaçılıq sahəsində yeni dəyişikliyin əsasını qoyduğunu deyib.
Müşfiq Məmmədli- Milli Məclisin Səhiyyə komitəsinin üzvü: “Ümumiyyətlə dərmanların idxalındakı prosedurlar asanlaşdırılacaq. Gömrükdə olan presedurlar nisbətən daha sürətlənəcək. Bundan başqa, dərman preparatlarının istehsalı sahəsində mühüm addımlar nəzərdə tutulmuşdur. Bunlardan ən mühümü isə dərman preparatlarının qiymətinin tənzimlənməsidə olan dəyişikliklərdən ibarətdir. Hər bir idxalçı bu prosesdə daha aşağı qiyməti müəyyənləşdirmə səlahiyyətinə malikdir. Bu da sonrakı müddətdə həmin şirkətlərin bir-biri ilə rəqabət aparmasına, dərman preparatlarının bəzən müşahidə olunan defisitinin qarşısının alınmasında da mühüm rol oynayacaq”.
Edilən dəyişiklik həm də ölkə daxilində istehsalı stimullaşdıracaq. Bu da sonrakı müddətdə əhalinin, səhiyyə siteminin dərmana olan tələbatını yerli formada ödəməyə imkan verəcək. Nəticədə də qiymətlərin enməsi müşahidə olunacaq.
Aişə Rzayeva
- Baxış: 297