• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2076
— 18.09.2023 17:17

Yəhudilərin yeni ilini qərb bölgəsində yaşayanlar da bayram ediblər

KepezTV Player

“Roş-Ha-Şana” bayramı!  Bu, yəhudi xalqının qədim ənənəvi bayramlarından sayılır. Hər il sentyabr ayına təsadüf edilən bayram Gəncədə qərb bölgəsində yaşayan yəhudilər tərəfindən də qeyd olunur.

Gəncə şəhəri Yəhudi Dini İcmasının tərəfindən təşkil edilən “Roş-Ha-Şana” bayramını yəhudilər digər milli azlıqların nümayəndələri də bayram ediblər. Bayram süfrəsi arxasında cəm olanlar Azərbaycanda özünəməxsus koloriti ilə seçilən tolerant mühitdən söz açıblar, dini və milli səviyyədə hüzurun hökm sürdüyünə diqqət çəkiblər. Ölkəmizi özləri üçün vətən sayanlar heç vaxt ayrı-seçkiliyə məruz qalmadıqlarını, tarixən xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin hökm sürdüyünü vurğulayıblar.

Arif Babayev- Gəncə şəhəri Yəhudi Dini İcmasının sədri: “Həmişə bizə qayğı olub. Allah prezidentimizə cansağlığı versin. Multikulturalizm Azərbaycanda inkişaf edir. Biz yəhudi xalqı demək olar ki, azad, firəvan yaşayırıq - Azərbaycan xalqı ilə sıx münasibətdə, hörmət, hətta kirvəlik qohumluğu da var. Hər bir yəhudi vətəndaşı Azərbaycanda sərbəst yaşayır”.

Aidə İsayeva- icmanın üzvü: “Prezidentimiz İlham Əliyevə çox minnətdarıq ki, çox talerant şəhərdə yaşayırıq. Bütün millətlər burada bacı-qardaş kimi yaşayır. Heç kimi incitmirlər. Bu bayarm yəhudilərin Yeni il bayramıdır. Bu Yeni ildə yəhudilər dünyaya sülh, şirin nemət arzulayırlar. Bütün dünyada olan insanlara firavan həyat arzulayırlar”.

Yəhudi bayramı - "Roş Ha Şana" yeni ilin gəlişini simvolizə edir. İnanca görə, insanların bir illik taleyi, yəni kimin yaşayıb, kimin bu dünyadan köçəcəyi, kimin uğur qazanıb, kimin bədbəxliklə üzləşəcəyi məhz bu günlərdə müəyyənləşir. Tanrının bütün insanlara uğur və xoşbəxtlik dilədiyi inancı isə 10 gün davam edir. Bu zaman kəsiyində yəhudilər ötən il ərzində törətdikləri əməlləri analiz edir, yeni ildə sülh, sağlıq və əmin-amanlıq arzulayırlar. Bütün dünyada olduğu kimi, Gəncədə yaşayan yəhudilər də milli bayramlarını adət-ənənələrə uyğun şəkildə qeyd edirlər. 

Vidadi Qaracayev- icmanın üzvü: “Yoldaşım yəhudidir, özüm azərbaycanlıyam. İş yerində idarəyə gedəndə bizə xoş münasibət bəslənilir. Yəhudi cəmiyyətinə, yəhudi xalqına Azərbaycandakı kimi diqqət yetirilmir. Bu, şirinlik bayramıdır. Bizdə Novruz bayramı olduğu kimi burada da baldır, almadır”.

Akif Abbasov- icmanın üzvü: “1939-cu ildə Gəncə şəhərində anadan olmuşam. Mənim həyat yoldaşım, onun ailəsi yəhudi olub. İsraildə 1 oğlum, 1 qızım, 4 nəvəm, 3 nəticəm yaşayır. Nə qədər Gəncədə yaşamışam heç vaxt da burada ayrı-seçkilik görməmişəm. Bu yəhudi bayramını bütün yəhudi xalqı qeyd edir. Bu, ən sevimli bayram sayılır”. 

Bu bayram süfrəsində dadlı təamlarla yanaşı, dəyirmi doğranmış yerkökü, balıq başı, nar, alma və balın olması vacibdir. Dəyirmi formada doğranmış yerkökü qızıl pulu, var-dövləti, süfrədəki balıq başı ailə başçısını, ailənin böyüyünü simvolizə edir. Bayram təamlarını dadarkən alma bala batırılaraq yeyilir ki, ilboyu ailədə şirinlik, isti münasibət hökm sürsün. Dənələnmiş nar isə ailənin böyüməsinə, yeni doğulacaq uşaqlara işarədir. Gəncə Yəhudi Dini İcmasının 200-ə yaxın üzvü var.

Elnur Vahidoğlu