Abşeron rayonunun Masazır kəndindən Zəngilanın yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb. İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə, yəni 123 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir. Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında püşkatma ilə aparılıb. Bununla da indiyədək Ağalı kəndində daimi məskunlaşdırılan ailələrin sayı 133-ə çatır. Kəndə köçürülmə davam etdiriləcək.
Allahverdi Mahmudov- Ağalı kənd sakini: “Əslən Zəngilan rayonu, Ağalı kəndindən məcburi köçkün idim, artıq köçkün söhbəti qutardı, indi öz elimizə-obamıza qayıdırıq. Şükür Allahın rəhmətinə. Oraları görməsəm də ora mənim ata-baba yurdum, canım-ciyərim olan bir yerdir. İnşallah qalan ömrümüzü də öz elimizdə-obamızda yaşayacağıq”.
Vüsalə Cənnətova
- Baxış: 187