• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 668
— 12.09.2023 20:25

Ermənilərin Xankəndi iddiasi - faktlara boyun əyən yalan

KepezTV Player

Xankəndi! Azərbaycanın qədim yaşayış yeri və gözəl diyar. O diyar ki, ora tarixən xanların, bəylərin at mindiyi, qılınc oynatdığı ərazi olub. İndi də ermənilər bu tarixi ata-baba yurdumuzun onların olması iddiasi ilə utanmadan çıxış edirlər. Özü də heç bir tarixi fakt olmadan, həyasızcasına. Ancaq fakt faktlığında qalır. Qarabağa köçmə olan hayların Azərbaycanın bu ərazisi ilə köklü bağlantısı yoxdur. 

Xudayar Quliyev- Xankəndi sakini: “Bu, mənim ən gözəl xatirələrimdən biridir. Böyük qızım onda tək idi. Çox sevimli bir uşaq idi. Danışığı ilə hamını heyran qoyurdu. Bu, bacanağımın ortancıl qızı Şəlalədir, bu da balaca qızıdır. Bu da qardaşım şəhid olub, o da Xankəndində yaşayırdı, onun da iki oğlu var, onun kiçik oğludur. Mənim evim Xankəndinin lap başında idi. Hər tərəf mənzərə idi. Meşənin qırağında yaşayırdım, gül-çiçək açanda deyirdin, cənnətdəsən. O marağa görə də bu şəkil orada çəkilib”.

Gəncədə müvəqqəti məskunlaşan 65 yaşlı Xudayar Quliyev Xankəndində anadan olub, orada yaşayıb, işləyib. Deyir, ömrümün ən gözəl günləri, uşaqlığı, gəncliyi ata-baba torpağı ilə bağlıdır. Dədə-babası da Xankəndidən olub, şəhər əhalisi də azərbaycanlılar. O vaxtadək ki, ermənilər bu torpağa köçürülməyə başlayıb. Xankəndidə artan erməni əhali çirkin əməlindən qalmayaraq, yerli sakinlərini sıxışdırmağa başlayıb.

Xudayar Quliyev- Xankəndi sakini: “Oxuduğumuza, bildiyimizə görə, babalarımızdan eşitdiyimizə görə, ermənilər  Xankəndinə, eləcə də Qarabağa yerləşdirilmişdi. Onlara xüsusi qayğı göstərilib. Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Havasına görə bəlkə də birincidir. Dağlıq yer idi və bizim yuxarı tərəf lap dağlıq idi. Böyük stadionu, mədəniyyət sarayı var idi. Mən orada Bakıdan gələn Sara Qədimovanın, Sabir Mirzəyevin konsertinə baxmışam. Böyük kinoteatrları, müəssisələri var idi. Qədim ipək fabriki vardı. Orada baramadan başlayıb, ipək parçalar toxumalara qədər müxtəlif sexləri var idi, çoxlu adam işləyirdi”.

Xudayar Quliyev və həyat yoldaşı ixtisasca müəllim olublar. Xankəndində işləyən hər iki pedaqoq şagirdlərin elm, təhsil öyrənməsi üçün çalışıblar. Bu gözəl diyarın azərbaycanlılara məxsus olmasını da onlara aşılayıblar. 

Ülkər Quliyeva- Xankəndi sakini: “Xankəndi şəhəri bizim ata-babalarımızın və onların ulu babalarının əzəli və əbədi şəhəridir. Bunu təsdiq edən sənədlər var. Qaynatam kolxoz sədri olub. Ondan da qabaq onların ataları orada yaşayıb. Erməni heç vaxt iddia edə bilməz ki, o torpaq onlarındır. Atam 86, anam 85 yaşında rəhmətə gedib, onların da ataları-anaları yaşlı rəhmətə gedib. Nənəm 106 yaşında rəhmətə gedib. O söyləyirdi ki, tarixən ermənilər 3 ailə olub, Xankəndində ermənilər özlərini artıra-artıra, aldadıb Soltan bəyin adı altında arabada Xankəndinə keçib. Orada ev tikiblər başqa yerdən də köçürüb artırıblar. Ora bizim öz ata-baba torpaqlarımızdır. Qəbiristanlıqlarımız ata-babalarımız orada uyuyur”.

Ermənilərin Azərbaycan torpaqlarına qarşı əsasız iddiası davamlı xarakter alan haldır. Hər fürsətdə torpaqlarımızı öz qədim əraziləri kimi təqdim etməyə onlar adətkar olublar. Üstəlik yalanlarını utanmadan dünyaya yayıblar. 

Bəxtiyar Məhərrəmov- tarixçi: “Rusiyanın arxivində xəritələr var, həmçinin kameral siyahıyaalma dəftərlər də var. Həmin dəftərlərdə Xankəndi əhalisinin 95 faizi azərbaycanlı göstərilir. Xankəndi adı 18-ci əsrdən sonra adlanan bir ərazidir. Əslində Pənahəli xanın dövründə möhkəmləndirilmiş bir ərazi tikildi. Pənahəli xanın qohum tayfaları ora yerləşdirildi. Pənahəli xanın iqamətgahlarından biri də orada yerləşirdi, ona görə də Xankəndi adlanırdı”.

Tarix də, coğrafi yerləşmə də, hüquq da sübüt edir ki, Xankəndi qədim Azərbaycan torpağıdır. Xanın kəndinə erməni iddası isə gülüncdən başqa bir şey deyil.

Elnur Vahidoğlu